Azərbaycan millisi sabah Millətlər Liqasında III turun oyununa çıxacaq.
C liqasının 1-ci qrupunda mübarizə aparan Canni de Byazinin komandası Monteneqro ilə görüşəcək - Podqoritsadakı Şəhər stadionunda.
Turnirə Lüksemburqa ev məğlubiyyəti (1:2) ilə başlayan, ardından Kiprdə qələbə (1:0) əldə edən yığmamız ardıcıl ikinci səfər matçına çıxacaq.
Futbolçularımız əvvəlki qarşılaşmalarda olduğu kimi yenə meydanı qolsuz tərk etməməyə çalışacaq. Lakin bunun üçün rəqibin güclü müdafiə xətti yarılmalıdır.
Monteneqrolular ilk iki turda qapısını toxunulmaz saxlamağı bacarıb ki, bu da balkanlıların arxa xəttinin gücündən xəbər verir.
Qələbə ilə liderə çatmaq şansı olan millimiz ardıcıl ikinci görüşdə qalib gəlmək üçün mübarizə aparacaq. İlk iki matçı səfərdə keçirməsinə baxmayaraq, itkisiz irəliləyən rəqib doğma meydanda ilk sınağına çıxacaq.
Qrupun favoriti olan rəqib üzərində qələbə millimizin 1-ci yer iddiasını təsdiqləyəcək. Məğlubiyyət isə komandamızın B liqasına vəsiqə uğrunda mübarizədəki şansını minimuma endirəcək.
AFFA prezidenti Rövnəq Abdullayev belə bir məqamda yığma üzvlərinə ikiqat dəstək vermək təşəbbüsündə bulunub. O, Monteneqro və Kiprlə oyunlarda qazanılacaq qələbələrin maddi qarşılığını daha da artırmaq barədə bəzi federasiya rəsmiləri ilə məsləhətləşmələr aparıb.
Bilindiyi kimi, qurum Millətlər Liqasında əldə olunacaq hər uğurlu nəticəyə görə 30000 manat mükafat təyin edib. Bu, həm ev, həm də səfər oyunlarına aiddir.
İndi isə durum bir qədər fərqlidir. Abdullayev Qarabağda döyüşlərin getdiyi və ordumuzun ardıcıl zəfərlər qazandığı bir vaxtda yığmadan gözləntilərin böyük olması fikrini qəbul edir.
Odur ki, futbolçudarı stimullaşdırmağı vacib sayır. Bu gün bu rəqəm 50000 manata bərabərdir. Başqa sözlə, komandamız qarşıdakı 2 matçda 6 xal toplasa, mükafat 100 min manatadək arta bilər.
SPORTİNFO.AZ

