"Qələbə qazandığımız üçün şadıq. Çünki asan oyun olmadı.
Rəqibin müqavimət göstərəcəyini bilirdik. 3 xala görə məmnunuq".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Slovakiyanın 21 yaşadək futbolçularından ibarət yığmasının müdafiəçisi İvan Mesik yerli federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
Danimarkanın "Norşellan" klubunda çıxış edən 19 yaşlı oyunçu rəqibə çoxlu şans vermədiklərini bildirib: "Yaxşı müdafiə olunduq və bütün boş sahələri bağladıq. Düşünürəm ki, müdafiə xətti əla oynadı. Əks halda, uduza da bilərdik".
Mesik arxa xətt oyunçusu olmasına baxmayaraq, tez-tez hücumlara çıxmasının səbəbini də açıqlayıb: "Məşqçilər hücum etməkdən çəkinməməyimizi söyləyirlər. Mən də öz növbəmdə tapşırığı yerinə yetirməyə çalışıram. Fikrimcə, pis alınmır".
Bu nəticədən sonra Azərbaycan yığması AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirib.

