"Bütün fikrimiz bu oyundadır".
Sportinfo.az xəbər verir ki, bu sözlər Slovakiyanın gənclər yığmasının müdafiəçisi Gergey Tummaya aiddir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Komandamız AVRO-2021-in seçmə mərhələsində Slovakiya ilə qarşılaşacaq.
Millimiz tsikldə 8-ci matçına Nitra şəhərində çıxacaq. Final mərhələsinə yüksəlmək şansları möcüzədən asılı olan Milan Obradoviçin yetirmələrinin xal itkisi olan-qalan ümidin də üstündən xətt çəkmiş olar.
Bakıda komandamıza 1:2 hesabı ilə məğlub olan slovakiyalılar isə həm revanşı almaq, həm də turnir cədvəlində 4-cü pillədəki rəqibini geridə qoymaq arzusundadır.
Tumma Azərbaycan millisinin zəif rəqib olmadığını etiraf edib: "Rəqibin heyətində səviyyəli futbolçuların olduğunu, onların ikili mübarizələrdə sərt oynadıqlarını və düşünülmüş hücumlar etdiyini qeyd etmək lazımdır. Azərbaycan yığmasına yuxarıdan aşağı baxmırıq, amma 3 xal qazanmaq istəyirik".

