Azərbaycan yığması UEFA Millətlər Liqasında qrup mərhələsinin Monteneqro və Kiprlə oyunlarına tam heyətlə hazırlaşır.
Sportinfo.az xəbər verir ki, komanda oktyabrın 8-də, saat 17:00-da çarter reysi ilə Podqoritsa şəhərinə yola düşəcək.
Milli üzvləri Monteneqro ilə oyundan sonra birbaşa Kiprlə qarşılaşma üçün Albaniyaya yollanacaq. Böyük ehtimalla, Elbasana Podqoritsadan quru nəqliyyatı ilə gedəcəklər. Çünki Monteneqrodan Albaniyaya məsafə yaxındır, 2 saatlıq yoldur.
Azərbaycan millisi oktyabrın 10-da Monteneqronun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 17:00-da başlayacaq.
Kiprlə Bakıda keçirilməli olan görüş isə bölgədəki vəziyyətlə bağlı Albaniyada baş tutacaq. Oktyabrın 13-də Elbasan şəhər stadionunda oynanılacaq matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.

