De Byazi AFFA-nın təzyiqi ilə üzləşə bilər

13 Sentyabr 2020 14:20 Milli komanda 1 839
De Byazi AFFA-nın təzyiqi ilə üzləşə bilər

Lüksemburq faciəsindən sonra verilən obyektiv təhlillər, jurnalist yanaşmaları, azarkeş fikirləri tam olaraq özünü doğrultdu.

İstər heyət, taktiki düzülüş, oyuna psixoloji köklənmə, qələbə əzmi tam fərqli idi...

Hiss olunurdu, de Byazi ilk görüşdən sonra pərt olmuşdu, öz səhvlərini dərk edirdi. Çox da bəhanələr gətirmirdi. Baxmayaraq ki, yeni gəlib, bir yoxlama oyunu belə keçirməmişdi. Məşqçi bəhanələri üçün əlində kifayət qədər arqumentləri vardı. Məşqçi yanaşması baxımından çox müsbət məqamdı...

Bəslənən, milyonlar xərclənən nazarov, eddilərin havadarların üzünə ağ olması, "Bakı birinciliyi"nin səviyyəsi, ölkədə futbolun bərbad durumu, legioner futbolçuların yox dərəcəsində olmasını da əlavə etsək, italyan mütəxəssis özünümüdafiə üçün istənilən fikri səsləndirə bilərdi...

Hara gəldiyini öncədən bilib, dərk edib bunları etmirsə, deməli özünə, səxsiyyətinə hörməti hələ ki, yerindədir. İnanaq ki, ən azından belə də davam edəcək. Covanni de Byazi nə həmyerlisi Bordin, nə də ki, Yurçeviç deyil.

Baş məşqçinin ölkə futbolundakı tüğyan edən məğlub psixologiyanı qalibiyyət qanına çevirməsi asan olmayacaq. Bu, tək italyandan da asılı məsələ deyil. Əksinə, özü təzyiqlərlə üzləşə bilər. Ölkə futbolunda cavabdehlərin məğlubiyyət psixologiyalı təbliğat maşını gecə-gündüz çalışır...

Futbola münasibət kökündən dəyişilməlidir.

Azərbaycanda istedadlar da var, futbol da oynaya bilirlər. Yetər ki, işlək mexanizm olsun, nəhayət ki, yaradılsın və futbol camiəsi bir yumruq kimi birləşsin, şəxsi maraqlar kənara qoyulsun, Azərbaycan futbolu, gələcəyimiz düşünülsün.

Bunu ilk olaraq kənardan kimsə etməməlidir, AFFA-dakı başbilənlər futbol ictimaiyyətinə əl uzatmalı, uğursuz layihələrə, mənasız kadr seçimlərinə, dövlət vəsaitinin havaya, ciblərə axınına son qoymalı, bölgə futboluna üz tutulmalı, məğlub beyinlərə, bəhanələrə yer verilməməlidir.

Tahir Süleymanov

Digər Xəbərlər
Xəbər Lenti