Problemli legioner Bakı klubunu "boğaza yığıb"

11 Sentyabr 2020 14:08 Milli komanda 776
Problemli legioner Bakı klubunu "boğaza yığıb"

"Keşlə" ilə Aleksandr Kriştovao arasında yaranmış qalmaqal getdikcə qızışır.

Avqustun 30-da, "Laçi" ilə Avroliqa matçından sonra heç bir icazə almadan Niderlanda yollanan hücumçu klubu ilə, deyəsən, məhkəmə müstəvisində üz-üzə gələcək.

Hər halda anqolalı legioner paytaxt təmsilçisinin onunla müqaviləyə xitam verməyə hazırlaşmasını sakit qarşılamır. Onun iddiasına görə, Bakını icazəsiz tərk etməsi ilə bağlı yayılan xəbərlər böyük yalandır. Yəni, belə bir şey olmayıb.

O, "zambaqlar ölkəsi"nə Niderland pasportu almaq üçün yollandığını bildirib: "Mən bu barədə klubu hələ 6-7 ay əvvəl məlumatlandırmışdım. Demişdim ki, pasportum filan tarixdə hazır olacaq, gedib onu götürməliyəm. Çünki bu, Avropada yaşamağım üçün olduqca vacibdir".

27 yaşlı forvard əlavə edib ki, hazırda Bakıya qayıtmaq üçün klubun ona bilet almasını gözləyir: "Agentim və vəkilim "Keşlə" rəhbərliyi ilə danışıqları davam etdirir. Biletimi göndərsələr, geri qayıdacağam. Çünki klubla müqaviləm var. Vəziyyət dəyişməsə, kluba qarşı hüquqi müstəvidə addımlar atmağa məcbur olacağam. Mən hələ də "Keşlə"nin oyunçusuyam və komandadan ayrılmaq niyyətim yoxdur" (report).

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov mətbuata müsahibəsində komandanı özbaşına tərk edən Aleksandr Kriştovaonun göndərilməsi üçün rəhbərlik qarşısında məsələ qaldırdığını deyib. Elə klub yönəticiləri də bunu istəyir.

Hazırda müvafiq sənədlər toplanır və yaxın günlərdə təqdim olunmaq üçün FİFA-ya göndəriləcək. Təbii ki, AFFA-nın hüquqşünaslasrı ilə məsləhətləşərək.

"Keşlə"dən redaksiyamıza daxil olan məlumata görə, Kristavaoya dönüş biletinin alınması nəzərdə tutulmayıb. Bu, futbolçunun diqqətinə də çatdırılıb: "Sənə gediş biletini biz almışıq ki, qayıdış biletini də alaq?".

Avroliqa qarşılaşmasından bir neçə gün əvvəl ona bildirilib ki, oktyabradək heç bir legionerin ölkəsinə yollanmasına icazə verilməyəcək. Bu da yeni baş məşqçinin gəlişi, onun futbolçuları tanımaması və Premyer Liqaya daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.

Amma afrikalı legioner xəbərdarlığa məhəl qoymayıb, yalnız Bakını tərk edən əsnada rəsmilərə mesaj yazaraq, səfəriylə bağlı məlumat verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"