Bir qələbəyə aldanmayaq - Regionda futbol rəsmən rəhmətə gedib

9 Sentyabr 2020 22:40 Milli komanda 932
Bir qələbəyə aldanmayaq - Regionda futbol rəsmən rəhmətə gedib

Kipr üzərində qələbə, təbii ki, xoşdu.

Lap 11 nəfər qapıçı ilə çıxıb qələbə qazansaq da, qələbə qələbədi.

Xüsusilə Azərbaycan kimi ölkələr üçün bu çox vacib məsələdi. Biz rəqibə öz oyunumuzu qəbul etdirib aşkar üstünlüklə qalib gələcək qədər böyüməmişik. Əsas səbəb də odu ki, bizim o "öz oyunumuz" hələ yoxdu, bu gedişlə yaxın 20-30 ildə olacağı da görünmür. Çünki oyun sistemli, doğru sistemli çalışmanın nəticəsində qurulur.

Məsələn, ispanlar öz tərzlərini az qala 30 ilə oturdublar və 90-cı illərin əvvəllərindən bu yana çəkdiklərin əziyyətin bəhrəsini görürlər. Biz isə 30 ildə normal ölkə bir yana qalsın, nə normal ölkə çempionatı qura bilmişik, nə uşaq futbolunu qaydaya sala bilmişik və bunun da nəticəsində heç olmasa "Valensiya", "Brayton", "Breşiya", "Sent-Etyen", "Bayer" kimi komandaların birində arada start heyətində meydana çıxacaq bir oyunçu belə yetişdirə bilməmişik. Yetişdirmək bir tərəfə, ölkənin az qala yarı ərazisində uşaqlar futbol oynamağa top tapmır. TOP. Futbol oynamağa top. Hələ forma, buts məsələlərini demirəm.

Regionda futbol rəsmən rəhmətə gedib.Yoxdu. Məşqçilərin çalalarda, dərələrdə, daşda, torpaqda məşq keçib birtəhər ortaya çıxardıqları istedadları göstərəcəkləri komanda yoxdu. Məsələn, Lerikdə parlayan ulduzun heç olmasa I Divizionda oynamaq, ordan da çakma elitaya çıxmaq şansı neçə faizdi? Bu, neçə il çəkər? Bunun üçün o və ya onun valideynləri kimlərlə qohum, dost, tanış, şərik olmalıdılar? Lap çıxıb milliyə qədər yüksələndən sonra onun yeni nazarovlara, israfilovlara, qomeşlərə, almeydalara "qurban" getməyəcəyinə kim təminat verə bilər?

Problemlərin hamısını sadalamağa nə yer çatar, nə də vaxt. Həvəs də yoxdu. 20 ildi deyirik, yazırıq, dəyişən heç nə yoxdu. Səfər qələbəsi istənilən halda gözəldi, sevinmək lazımdı, amma reallığı da unutmaq olmaz. Reallıq isə odu ki, ölkədə futbol bataqlığın içərisindədi. Arada avrokuboklarda, arada da millinin belə qələbələri ilə su üzünə çıxıb "nəfəs" alırıqsa, bunun həmişə belə olacağını düşünmək absurddu. Çünki ayağımızın altı bərk deyil, bir az sonra yenə dibə gedəcəyik.

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti