Dünən Oser faciəsinin 25 illil yubileyi idi. Səssiz səmirsiz keçdi.
Çünki, srağagün millimiz Bakıda uduzub azarkeşləri yenə hüznə boğmuşdu.
Uduzduğumuz da dünya və Avropa çempionu olacaq, dünyanın ən yaxşı futbolçusu seçiləcək Zidanın komandası deyil, Lüksemburq idi.
Bu oyuna full baxmamışam amma icmaldan görünür ki, komandamız məşhur lətifədə deyildiyi kimi matça qapıçısız yollanıb. Buraxılan topların demık olar hamısında qapıçılarımızın gülməli səhvləri var.
Ağasəlim Mircavadov-Vaqif Sadıxov duetinin məşçilik "qabiliyyəti" bu oyunda açıq şəkildə görünür. Komandamız dünyanın ən güclü komandasına qarşı səfərdə açıq futbol sərgiləyir (camaat ilin günün bu vaxtı Lüksemburqla evdə "katenaçço" taktikası seçir).
Elxan Həsənov kimi SSRİ-nin güclülər dəstəsini görmüş təcrübəli qapıçı 1 dəfə "quşlayan" kimi onun əvəzinə Tovuzda gah hücumçu, gah da qapıçı kimi çıxış edən Nizami Sadıqov buraxılır.
Bakını, Moskvanı görməmiş kənd futbolundan birbaşa qərbi avropa futboluna sıçrayış edən "Cəfər" ləqəbli qapıçı inanılmaz səhvlərə yol verir. Qapıçının belə inamsız oyunu bütünlükdə komandamıza sirayət edir.
Amma Ağasəlim Mircavadovla Vaqif Sadıxovun yerinə bir balaca məşqçilikdən anlayışı olan biri olsaydı indikindən qat-qat səviyyəli oyunçulardan qurulu heyətlə bəlkə də Fransada sensasiya edə bilərdik.
Bu axşam saat 21.00-da CBC Sportla izləyəcəyimiz matçda gənclərimiz Sumqayıtda ağsaqqallarımızın revanşını almağa çıxacaq.
AFFA-nın dünyada "analoq"u olmayan uşaq futbolunun inkişaf modeli sayəsində biz gənclərdən ibarət millimizin heyətində də Mert Çelik, Emre Kaplan, Muhammed Mustafa Yıldırım, Ozancan Kökçü kimi legionerlərin oyununu görmək şansı qazanacağıq.
İnanaq ki, milli komandamız bu axşam növbəti biabırçı məğlubiyyəti ilə "Bizə hər gün faciə, bizə hər yer Oser!" dedizdirtməz.
Anar Şabanoğlu

