Byazi müəllim bizi təəccübləndirməyə davam edir, ya siftə - 1:2

6 Sentyabr 2020 13:40 Milli komanda 1 798
Byazi müəllim bizi təəccübləndirməyə davam edir, ya siftə - 1:2

Azərbaycan – Lüksemburq oyununa baxa-baxa götürdüyüm qeydləri sizinlə də paylaşım.

1. Oyunun 3-cü dəqiqəsində millimiz mərkəzdə elə bir boşluq buraxmışdı ki, o vəziyyətdə qol vurmamaq üçün ancaq Lüksemburqun oyunçusu olmaq lazım idi. Bəxtimizdən hər şey “qanunauyğun” idi.

2. 10-cu dəqiqədə Emil Balayev üstünə gələn topu elə səliqəsiz şəkildə, düz mərkəzə qaytardı ki, heç mən “dır-dır”da elə top qəbul eləmirəm.

3. 25-ci dəqiqədə Mahirin aşkar kobudluğu, əsəblərinə hakim ola bilməməsi qırmızı ilə nəticələndi. Ardınca Rüstəm Əfsərlinin qəşəng replikası: “Heç 11-11-ə rəqiblə bacarmırdıq, 10 nəfərlə nətər edəcəyik?” Edə bilmədik.

4. 28-ci dəqiqədə mərkəzdə daha bir boşluq. Rəqibin oyunçusu topu sinə ilə qəbul etdi, “bir siqaret çəkdi”, döndü qapıya, zərbə vurdu. Yaxşı ki, zərbə zəif alındı, Emil uzanıb götürdü.

5. 36-cı dəqiqədə rəqibin cərimə zərbəsini Emil Balayev möhtəşəm reaksiya ilə 9-luqdan çıxardı. Bu isə rəqibin qapıya 10-cu, çərçivəyə 4-cü zərbəsi idi ki, Emilin sayəsində qonaqlar 4-cü dəfə küncdən zərbə yerinə yetirəsi oldu.

6. 43-cü dəqiqədə millimiz ilk hücumundaca hesabı açdı. Namiq Ələsgərovun “ünvana təslim” ötürməsini Ramil Şeydayev gözəl baş zərbəsi ilə tamamladı.

7. İkinci hissə başlayan kimi, 48-ci dəqiqədə Krivotsyuk da adını millinin avtoqolçuları sırasına yazdırdı. Adi vəziyyətdə topu öz qapımıza yollayan milliləşmiş ukraynalı sevincimizin uzun çəkəməsinə imkan vermədi.

8. 67-ci dəqiqədə Namiq Ələsgərovun yerinə Adil Nağıyevi oyuna salan De Byazi meydandakı faktiki müdafiəçilərin sayını 6-a çatdırdı.

9. Adil gözünə döndüyüm də oyuna girən kimi voleybol oynadığını zənn edib topa ilk toxunuşunu əllə etdi ki, bu da penalti və rəqibin ikinci qolu ilə nəticələndi.

10. Əvvəlcə milliyə çağırılmağı, sonra 23 nəfərlik siyahıda olmağı təəccüb və etiraza səbəb olan Araz Abdullayev oyuna da daxil oldu. Amma onun meydanda olmağı elə ancaq oyuna girəndə gördük.

De Byazi müəllim təəccübləndirməyə davam edir, ya siftə - 1:2.

Zaur Xudiyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti