Hara gəldiyini ya hələ bilmir, ya da bilir, özünü bilməməzliyə vurub

5 Sentyabr 2020 16:42 Milli komanda 1 303
Hara gəldiyini ya hələ bilmir, ya da bilir, özünü bilməməzliyə vurub

Bu gün milli Lüksemburqla oynayır.

Allenatoremiz De Byazi müəllimin debüt matçıdı.

Müqavilə bağlayandan bəri verdiyi açıqlamalar xoşuma gəlir, adam düz yoldadı. Deyir ki, bura nəticə qazanmağa gəlmişəm, oyunu da bu yöndə quracam.

Gopa basıb, ay "hücum futbolu", ay "pressinq", ay "estetika", nə bilim "gözəllik" sözünü vermir, demir. Əsl köhnə italyan məşqçisi kimi əlindəkinə uyğun nəticə qazanmaq fikrindədi. Buraya qədəri yaxşıdı.

Buradan sonrası isə nağıldı. Nəticəni kiminlə və necə qazanacaq? Ağabalayla Namik iki dənə qol vurublar, az qalırıq hərəsini bir dağın başına qoyaq. İlkin siyahıda bu adamlara yer verməməsi ayrı (dahi Arif Əsədovun şedevrləri) söhbətin mövzusudu, ona sonra da qayıtmaq olar. Kimimiz var bizim? Tutaq ki, Lüksemburqu udduq (başqa nəticə qəbul edilməyəcək). Bəs Kipr və Çernoqoriya: onlara qolu kim vuracaq? Yaxşı qol vurduq, qapımızı necə toxunulmaz saxlayacağıq? Kiminlə, kimlərlə? Az qala ritorik suallardı.

De Byazi şübhəsiz, yaxşı məşqçidi. Amma hara gəldiyini ya hələ bilmir, ya da bilir, özünü bilməməzliyə vurub. Onu bura kimin, hansı məqsədlərlə, hansı məbləğlərə gətirməsindən asılı olmayaraq nəticə qazanmasını, uğur əldə etməsini hamıdan çox mən, biz istəyirik. Təki qələbələr olsun, gerisi təfərrüatdı.

Siftəsini kor gətirməyək, deyə düşündüm. Əvvəl dəstək verək ki, sonra tənqid etməyə də üzümüz olsun. Odu ki, uğurlar sənə, Mister!

Kənan Məstəliyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti