İtaliyalı məşqçinin ilk sınağı - Lüksemburqa qalib gələ biləcəyikmi?

5 Sentyabr 2020 10:38 Milli komanda 847
İtaliyalı məşqçinin ilk sınağı - Lüksemburqa qalib gələ biləcəyikmi?

Bu gün-UEFA Millətlər Liqası çərçivəsində Azərbaycanın millisi Lüksemburq ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Matçın baş hakimi İngiltərə Futbol Federasiyasından Kris Kavana olacaq. Ona həmyerliləri Da Daniel Riçard Kuk və Sian Massey köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Pol Tirney yerinə yetirəcək.

Azərbaycan millisi 3 gün sonra Kiprin qonağı olacaq. Azərbaycan millisinin baş məşqçisi

Canni De Byazi Lüksemburqla oyun öncəsi keçirilən mətbuat konfransında deyib ki, 26 gün əvvəl Bakıya gəlib, köməkçilər ilə gündə 18 saat işləyiblər ki, mentalitetə, oyunçulara yaxından bələd ola bilsinlər: “9 gündə cəmi 12 məşqimiz olub. Uşaqları inandırmaq istəyirəm ki, çox çalışmaqla uğur qazanmaq olar".

63 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan qrupda reytinqə görə 4-cü komandadır: "Lüksemburq son illərdə çox inkişaf edib. Cənubi amerikalı oyunçuları milliləşdiriblər. Amma bizim də güclü futbolçularımız var".

Canni De Byazi deyib ki, bura gəlməmişdən Azərbaycanın bütün oyunlarına baxıb: “Müəyyən ideyalarım var. Təəssüf ki, vaxtımız azdır. Yaxşı nəticə üçün meydana çıxacağıq. Bilirsiniz, insan özünü necə sevdirə bilər? Qələbə ilə.

Elə komanda yaratmaq istəyirəm ki, futbolçular meydanda bir-biriləri üçün canlarını versinlər. Məqsədimiz qrup birincisi olmaqdır. İlk növbədə futbolçuların mentalitetini düzəltmək, taktiki baxımdan irəliləyişə nail olmaq və istək yaratmaq niyyətindəyəm.

Həyatda uğur qazanmağın əsas yolu budur". Məşqçiyə görə, millimiz bu gün qələbə qazana bilsə, ikinci oyuna daha rahat hazırlaşacaqlar. (Report)

Yeri gəlmişkən, oyun ərəfəsində belə xəbər yayılıb ki, əksər futbolçular Canni De Byaziyə keçdiyi məşqlərdən şikayətləniblər. “Gündə 2 məşqə çıxan oyunçular həddən artıq “yüklənməyə” məruz qaldıqlarını və buna dözməyin çətin olduğunu bildiriblər.

Klubların heyətində Qəbələ toplanışı zamanı bu çalışmaları yerinə yetirdiklərini söyləyən komanda üzvləri Lüksemburqla matç öncəsi hazırlıq tempinin aşağı salınmasını istəyib. Amma italyan mütəxəssis bu xahişə məhəl qoymayıb. O, məşq proqramını fasilə və rəqibə uyğun tərtib etdiyini söyləyib”-deyə, yayılmış xəbərlərdə bildirib.

Baş məşqçi ilə mətbuat konfransında iştirak edən kapitan Maksim Medvedev yayılmış bu xəbərlərə də münasibət bildirib. "Qrafikimiz sıxdır. Amma hazırda millinin düşərgəsindəyik. İntensiv məşqlər keçdik. Çox şeyin üzərində işləməliyik. Baş məşqçi qısa zamanda hər şeyin ən yaxşısını etməyə çalışır.

Heç bir futbolçu baş məşqçiyə hazırlıq prosesi ilə bağlı etirazını bildirməyib. De Byazi təcrübəli mütəxəssisdir. Məşq vaxtını bölə bilər. Komandada oyun problemi var. Gündə iki dəfə məşq etməli idik. Fiziki məşqlər olmayıb ki, kimsə narazılıq etsin. Futbolçuların etiraz etməsi doğru məlumat deyil"-deyə, kapitan bildirib.

Kapitan deyib ki, Lüksemburq futbolu tam fərqlidir: "Oyunçularının əksəriyyəti legioner həyatı yaşayır. Hamısı təcrübəli futbolçulardır. Milli ilə Lüksemburq klublarını müqayisə edə bilmərik. Bəzi videolara baxmışıq. Oyuna hazırıq. Mən zəif olduğumuzu demirəm”.

Lüksemburq milisinin baş məşqçisi Lyuk Holts isə görüşdən öncə mətbuat konfransında deyib ki, Azərbaycan millisinin baş məşqçisini dəyişdiyini bilir:

“Oyuna ehtiyatlı başlacağıq. Necə müdafiə olunmağı düşünəcəyik. Açığı, Azərbaycanı favorit görürəm. Azərbaycan millisininn Uels və Slovakiya yığmalarına qarşı çıxışlarını izləmişəm.

Demək olar ki, başa-baş mübarizə aparırdılar. Həqiqətən Azərbaycan millisini güclü hesab edirəm. Bizim rəqibdən xüsusi bir üstünlüyümüz yoxdur. Bu, sadəcə oyundur”.

Azərbaycan komandasının sentyabrın 4-də Bakı Olimpiya Stadionunda açıq məşqi olub. Məşqdən əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev yığmanın heyəti ilə görüşüb.

AFFA prezidenti milliyə turnirdə keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Komandanın baş məşqçisi Canni De Byazi çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.

Biz də komandamıza italiyalı baş məşqçinin rəhbərliyi ilə ilk matçında uğurlar arzulayırıq.

Orxan ƏLİYEV,

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti