"Pünik" AFFA-nın milliləşdirdiyi Maqomed Musalovla müqavilə imzalayıb.
Bu hadisə sentyabrın 1-i olub. Mən bayaq xəbər tutmuşam.
Bəzi idman saytlarının və ola bilsin ki, ictimai-siyasi saytların AFFA ilə reklam müqaviləsi var, buna görə, federasiyadan hər ay pul alır.
Deyək ki, həmin saytlar əməkdaşlıq etdikləri qurumu zərbə altında qoymaq istəmir. Hərçənd o saytların da mənim tanıdığım bəzi rəhbərləri belə məsələlərdə əməkdaşlığa göz yuman deyil. Göz yumurlarsa, bu, anormaldır, jurnalistika deyil.
Bir də AFFA-dan pul almayan «n» qədər idman saytı, idman şöbələri olan xeyli ictimai-siyasi sayt var.
Deyək ki, bu ictimai-siyasi saytların da bəziləri SOCAR-dan pul alır və susurlar. Bəs qalanları?! Axı AFFA və SOCAR bütün Azərbaycan mediasını ələ almayıb. Axı media onların monopoliyasında deyil!
Doğrudan, bu xəbər maraqsız və əhəmiyyətsizdi?
Doğrudan, siz daha maraqlı idman xəbərləri yazırsız?
Nə bilim vallah...
AFFA-nın «uzaqgörən» siyasətinin bəhrəsini görməkdəyik. Azərbaycan millisinə dəvət almış yüzlərlə dağıstanlıdan biri - Maqomed Musalov Ermənistan klubu ilə birillik müqavilə bağlayıb.
Rusiya, Ermənistan və digər ölkələrin mediası bu transferi "Azərbaycanlı futbolçu Ermənistan klubunda" başlığı elə təqdim edir.
Qeyd edim ki, bundan əvvəl AFFA-nın «uzaqgörən» siyasətinin nəticəsi olaraq, daha bir milliləşdirilmiş dağıstanlı - Şamil Qurbanov Ermənistanın "Uliss" klubuna yollanmışdı.
"Azərbaycan yığmasını çoxdan unutmuşam. Və qərara gəlmişəm ki, bir daha ora getməyim. Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim var. Amma mən bu münaqişənin iştirakçısı deyiləm. Sadəcə, futbol oynamaq istəyirəm. Mən siyasətçi yox, adi bir Rusiya vətəndaşıyam" - deyən Şamilin Azərbaycan məcarasını bilən ermənilər "məlum səbəblərə görə, heyətimizdə azərbaycanlı futbolçu ola bilməz" açıqlaması verib, dağıstanlı legionerdən imtina etmişdi.
Sentyabrın 5-də Lüksemburqla keçiriləcək oyuna hazırlaşan əsas millimizin heyətində 3 dağıstanlı milliləşdirilmiş futbolçu var. Bunlar Mexdi Jenetov, Şaxrudin Maqomedaliyev və Badavi Quseynovdur.
Komandamızda legioner sayı bununla bitmir. Lüksemburq və Kiprlə oyuna dəvət alan digər legionerlərdən yalnız ukraynalı Anton Krivotsyuk millinin düşərgəsindədir. Buna səbəb dağıstanlılar kimi, onun da Bakıda çıxış etməsidir.
Digər legionerlər isə pandemiyanı bəhanə gətirərək, komandaya qoşulmaqdan imtina edib. Bu mənada Dmitri Nazarovun açıqlaması daha diqqətçəkəndir. O, Almaniya mediasına açıqlamasında aşağı liqada çıxış edən klubunun hansısa kubok oyununun millimizdən daha vacib olduğunu bildirib.
Anar Şabanoğlu
Fotoda Maqomed Musalovun 2012-ci ildə Azərbaycan U-21 yığmasına dəvət alması göstərilir.



