Millimizi pula görə seçən, dava-dalaş salan - Onu bağışlamaq olarmı?

30 Avqust 2020 17:00 Milli komanda 1 443
Millimizi pula görə seçən, dava-dalaş salan - Onu bağışlamaq olarmı?

Bəlkə də ötən il noyabrın 16-da Bakıda Uelslə keçirilən və yığmamızın 0:2 uduzduğu oyun Dmitri Nazarovun tərcümeyi-halına milli formadakı son matç kimi düşəcək, bəlkə də o, bir müddətdən sonra fikrini dəyişib, yenidən buralara gələcək.

Amma bundan sonra nələrin baş verəcəyindən asılı olmayaraq, əminəm ki, onun Azərbaycan yığmasından imtina qərarı yalnız koronavirus pandemiyasının yaratdığı problemlərlə bağlı deyil.

Təbii ki, məni belə qənaətə gəlməyə vadar edən səbəblər var. Dimanın qeyri-səmimiliyini göstərən faktlar ortadadı. “Koronavirus yoluxmaları çoxdu, indiki durumda Azərbaycana yollanmaq risklidi” deyən Qazaxıstan doğumlu,

AFFA-nın baba xətti ilə guya hansısa şəkildə ölkəmizlə bağlılığını tapdığı 30 yaşlı bəyə xatırlatmağa dəyər ki, srağagünkü statistikaya əsaslansaq, indiyə qədər Almaniyada koronavirusdan 9345, Azərbaycanda isə 521 nəfər dünyasını dəyişib. Almaniyada yoluxanların sayı 237572-yə, Azərbaycanda 35559-a bərabərdi.

Yəni ölüm sayı bizdəkindən 18, yoluxma sayı 7 dəfə artıqdı. Belədə hansı təhlükəsizlikdən, sağlamlıq riskindən söhbət gedə bilər? Və ya sualı daha sərt şəkildə qoyaq: 40-dan artıq oyunda atributlarını formanda daşıdığın ölkəni Avropaya “risk zonası” kimi tanıtmağın adı nədi?

Belə görünür ki, Nazarov imtina qərarını yığmanın yeni baş məşqçisi Canni De Byazi ilə məsləhətləşmə əsasında verib. İtalyan məşqçinin onu fikrindən daşındırmaq üçün hansısa cəhdə əl atıb-atmadığını bilmirəm.

Çox güman, həmkarlarımın sentyabrın 5-də keçiriləcək Lüksemburqla oyundan sonra ondan bu suala cavab almaq imkanı olacaq. Ancaq açıqlamasının gözünə “uçuşlarla bağlı da çətinliklər var” ifadəsini qatan birinin müvəqqəti yox, daimi imtina qərarı verməsi, güman edirəm ki, həm onun özü, həm də yığma üçün daha məntiqəuyğun olardı.

Bir ölkənin əsas komandasının formasını geyməyə razılıq vermək eyni zamanda həmin ölkə üçün hər cür fədakarlıqlara hazır olmaq deməkdi. Bu o qədər sadə həqiqətdi ki, xatırlatmaq artıqdı.

Amma Dimanın mövqeyindən belə anlaşılır ki, onun canı yığmanın başqa üzvləri ilə müqayisədə daha qiymətlidi. Şəxsən mənim üçün bu cür yanaşma milli formanın fərdin boynuna qoyduğu məsuliyyət-fədakarlıq yükündən qurtulmaq cəhdi, bütün mənəvi normaları ayaqlar altına atmaqdı.

Söhbət yeni baş məşqçi ilə növbəti seçmə mərhələyə iddialı başlamaq istəyən yığmanın maraqlarından gedir. Sən öz maraqlarını yığmanın maraqlarından üstün tutursansa, hansı əsas və hansı üz ilə “vəziyyət nə vaxt yüngülləşsə, yığmaya qayıda bilərəm” deyirsən?

Sənə bu qədər həyasızlaşmağa, sırtıqlaşmağa şərait yaradan etimad kartını kim verib? AFFA rəhbərliyi, yoxsa De Byazi? Kim veribsə, başından böyük səhv edib! Ya yığmanı, ölkəni sevəcək, milli formanı şərəflə daşıyacaqsan, ya da heç gəlməyəcəksən.

Düzünə qalsa, şəxsən mən Dimanın imtina qərarının heç də pandemiyadan irəli gəlmədiyini, koronavirusun, sadəcə, bəhanə olduğunu, futbolçunun fürsətdən özünəməxsus şəkildə yararlandığını düşünürəm.

Ötən seçmə mərhələnin gedişində yığmanın paltardəyişmə otağında yaşanan münaqişələrin səs-sədası hər kəsə çatmışdı. Mükafatla bağlı narazılıqlar öz yerində, milli forma geyənlərdən fədakarlıq, bəhanələrin kölgəsində yatmamağı tələb edən Ramil Şeydayevin Nazarovun lideri olduğu məlum qruplaşmanın müqaviməti ilə üzləşməsindən, işin hətta əlbəyaxaya davaya qədər uzanmasından, Qara Qarayevin ehtirasları sakitləşdirməyə çalışmasından hər kəs xəbərdardı.

Adı çəkilən futbolçular da müxtəlif vaxtlarda verdiyi açıqlamalarda münaqişə hallarını dolayısıyla təsdiqləyiblər. Bu üzdən Nazarovun imtina qərarına ötən seçmə mərhələdə - Nikola Yurçeviçin dönəmində paltardəyişmə otağında yaşananların davamı kimi baxmaq lazımdı.

Pandemiya riski, uçuş çətinlikləri ilə bağlı söhbətlər yalnız uşaq başı aldatmağa yarayar. De Byazi bura gələndən sonra mediaya ilk müsahibəsində yığma ilə bağlı məsələlər üçün konkret yanaşma sərgiləyib: prinsiplərimə uyğun gəlməyən adam komandada olmayacaq.

Çox istərdim(k) ki, həmin prinsiplərin ilk qurbanı Nazarov olsun. Ürəyi Azərbaycan və azərbaycanlılar ilə döyünməyən, yığma üçün fədakarlıq etməyə hazır olmayan birinin ölkənin əsas komandasında nə işi var? Bu sual birbaşa AFFA-ya və De Byaziyə ünvanlanıb. Dimaya deməyə isə daha söz yoxdu (Futbol+).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti