Çingiz Aytmatovun “Manqurt”unu oxumusuzsa, əmin olmaq, müqayisə etmək üçün materialınız var.
Həmin əsərdəki qəhrəmanı, əsas personajı içimizdə axtarın.
Gözümüzün qabağındadı. Azərbaycan millisinə oyuncaq kimi baxan, onunla şəxsi mənafeləri naminə vicdansızcasına davranan, qazancları üçün şərəfli formanı kimə gəldi geyindirənlər bu vətəni, bayrağı sevməyən manqurtlardı.
Yığma komandamızın yeni baş məşqçisi Canni de Byazi Albaniyada qazandığı nüfuzu xərcləməklə məşğuldu. Yəqin ki, Azərbaycanda dibini qazıyacaq, pulunu götürüb gedəcək və bir də məşqçilik etməyəcək.
Doğrusu, onun ilk açıqlamalarını, kütləyə “işləyən” bəzi addımarını bəyənmişdim. Müsahibəsinə diqqət edəndən sonra bizim kimi düşündüyünü gördüm – illərdi AFFA-ya tutduğumuz iradları, bizim dediyimizi o da dilə gətirmişdi. Amma sən demə, yalnız avazı yaxşı gəlirmiş…
Dünən de Byazi UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə keçirəcəyimiz oyunlar üçün heyəti açıqladı. Və siyahıya baxan kimi italiyalının da diqtəylə, xahişlə, tapşırıqla işləyən biri olacağını gördüm.
Əslində, heç vaxt heyətlə bağlı məsələlərdə subyektiv fikrimi önə çəkməmişəm. Futbolçuların hazırlığına ən yaxşı qiyməti baş məşqçi verir və onun seçimində əsaslandığı nələrinsə olduğunu düşünürəm. Lakin bəzən prosesi axarına buraxmaq olmur. Axı, qatıq qara ola bilməz, biz də kor deyilik…
İllərdi Azərbaycan futbolunun canına darışan bir zəli dəstəsi var. AFFA-nın baş katibi Elxan Məmmədov və onun “mütəşəkkil dəstəsi” SOCAR-ın büdcəsini dağıdır, öz şirkətləri vasitəsilə pulları ciblərinə ötürürlər. Qazon biznesindən tutmuş geyim alverinə, infrastruktur layihələrindən futbolçu transferlərinə kimi hər şey bir qrup insanın əlindədi. Elxan Məmmədovdan icazə almadan kimsə tükünü tərpədə bilməz – qazancı pillə-pillə, faizinə kimi bölürlər.
Pay verirlər, pay alırlar, pay çatdırırlar. Və hər şeyi sənəddə rəsmiləşdirirlər. Tenderləri udan da özlərinkidi, məşqçi, oyunçu gətirən də, layihə hazırlayan da. Məmmədov qazanmaq üçün şərait yaradır və yalnız öz dəstəsinin adamlarına bu fürsəti tanıyır. Beləcə 500 milyon manatlıq mənzil sahibi olur, hədiyyə bağ evinə yiyələnir və s. və i.
Milli komandaların hazırlığı, onların toplanışları üçün məkanların seçilməsi, otellərdən götürülən faizlər, qidalanmadan, inventarlardan cibə ötürülənlər – hamısı bir nöqtədən idarə olunur. Rəqabət üçün şərait yaradılmadığından sirr üzə çıxmır, məbləğlər gizli qalır, qapalı kabinetdə imzalayıb rəsmiləşdirirlər. Hesabat istəyən də özləridi, xərcləyən də. Şişirdilmiş məbləğləri elə özləri qəbul edib pul ayırır, xərcləyirlər.
Digər xərclər öz yerində, təkcə milli komanda üzərindən oynanılan oyunların biri üzərində dayanacağıq. Hansı ki, bu işə birbaşa Riad Rəfiyev rəhbərlik edir. “Sumqayıt”ın menecer-prezidenti baş katib və icraçı vitse-prezident olan Məmmədovun bu sahə üzrə sağ əlidi və istədiyini edir. De Byazinin son siyahısında onun barmağının cizgilərini hiss etmək çətin deyil.
İtaliyalı baş məşqçi avqustun 27-dən başlanacaq hazırlıq prosesinə 26 futbolçu çağırıb. Daha 8 nəfər isə ehtiyat oyunçu qismində nəzərdə tutulub. Lüksemburqla sentyabrın 5-də Bakı Olimpiya Stadionunda, Kiprlə 3 gün sonra Nikosiyada baş tutacaq oyuna dəvət alanların siyahısı müzakirəyə tam açıqdı.
Mövqelər üzrə baxsaq, qapıçılarla bağlı deyiləcək söz azdı. Amma “Qarabağ”ın iki qolkiperinin dəvət edilməsi, “Neftçi”nin əlcək sahiblərini unudulması ayıbdı. Əsas kimi milli təcrübəsi olanların dəvəti götürülürsə, Səlahət Ağayev yığmanın düşərgəsində olmalıdı, oyun praktikası vacibdisə, Aqil Məmmədov yaddan çıxmamalıdı. Amma de Byazi Emil Balayev və Şahruddin Məhəmmədəliyev dəvət göndərib, yuxarıda adını çəkdiklərimizi yox, dağıstanlı Mehti Cənnətovu siyahıya salıb. “Sumqayıt”ın qapıçısı bəlkə də üçüncü olmağa, ən azı dəvətə layiqdi, amma ondan daha yaxşıları kənarda qalıb. Səbəb “kimyaçılar”ın Avropa Liqasına vəsiqə qazanmasıdısa, xatırladaq ki, “Neftçi” gümüş medalçı olub.
Müdafiəçilərdən Maksim Medvedev, Ömər Buludov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Təmkin Xəlilzadə, Adil Nağıyev, Amin Seydiyev, Bəhlul Mustafazadə və Şəhriyar Əliyevin çağırılması narazılığa əsas vermir. Bəlkə də Abbas Hüseynov siyahıda artıq olar, ondan daha yaxşısını axtarmağa dəyər. Amma ən problemli sima Elvin Bədəlovdu. “Sumqayıt” müdafiəsinin “canlı bomba”sı heç Premyer Liqa səviyyəsinə yaramır, onun milli komandada nə işi var? “Kimyaçılar” təkcə bu müdafiəçinin səhvi üzündən ötən mövsüm azı 3 oyunda qələbəni əldən verib.
Qara Qarayev, İsmayıl İbrahimli, Eddi İsrafilov, Emin Mahmudov, Rəhman Hacıyev, Rəhim Sadıxov və Elvin Camalov oyunu ilə milli komandaya dəvəti haqq edib. Riçard Almeydaya ehtiyac duyulmadığı bir vaxtda demək olar, ən yaxşılar italiyalının sərəncamındadı. Və debüt şansını gözləyən Əmir Ağayev var.
Səviyyəsinə, bacarığına söz ola bilməz, amma axı, Ağayev Azərbaycanı sevmir. İki il öncə İsrail mətbuatına müsahibəsində “damarlarımda yəhudi qanı daşıdığım üçün fəxr edirəm” deyən biri mənim millimin şərəfini niyə qorumalıdı? Qoy, o mövqedə Əli, Vəli, Əhməd oynasın, səviyyəcə zəif olsun, amma vətəni sevən biri olsun. Onun bayrağa, millətə olan sevgisindən alacağı döyüşmək gücü Əmirin driblinqüindən, istedadından min dəfə yaxşıdı. Dünən millimizdən imtina edən Dmitri Nazarov kimi Əmir də karyerasının inkişafını, qazancını təmin edəndən sonra bizə arxa çevirəcək.
Mahir Emreli, Araz Abdullayev, Ramil Şeydayev və Renat Dadaşovdan ibarət hücum xəttində ən yaxşılarımız yer alıb. Yalnız Araz istisnadı. Klubsuz olan Abdullayev yarıtmaz oyunu üzündən “Qarabağ”dan kənarlaşdırılıb və bugünə kimi məşq etməyib. O zaman bu adamın millinin düşərgəsində nə işi var?
Təbii ki, bütün bunlar say düzəltmək üçün deyil. De Byazinin prinsiplərinə uyğun gələn xeyli futbolçunun adını çəkə bilərəm. Sırf istedada, bacarığa, son vaxtlarkı oyununa qalsa, Ağabala Ramazanov, Ruslan Qurbanov, Rauf Əliyev, Rövlan Muradovdan birinin adı o siyahıda olmalıydı, nəinki Arazın.
Əmirdənsə Namiq Ələskərov, Vüsal İskəndərli, Coşqun Diniyevə güvənilməliydi, onların yeri ehtiyat siyahı deyil. Ağayevin milliləşdirilməsi hələ rəsmən elan olunmayıb, amma Elxan Məmmədov cinayətinin müsbət nətisənidən o qədər əmindi ki, məşqçilərə bu ixtiyarı verib. Sezar Meza Kollini mətbuat ifşa etməsəydi, indi paraqvaylı da siyahıda olardı…
Elvin Bədəlovun əvəzinə isə milli formaya Slavik Alxasov, Ürfan Abbasov, hətta Qismət Alıiyev daha çox layiqdi. Sırf son tura görə heyət seçilibsə, Azər Salahlı siyahıya düşməliydi.
De Byazi bu oyunçuların çoxunu, o cümlədən Arazı, Əmiri canlı izləməyib, onların xarakterini, xasiyyətini bilmir. Təbii ki, siyahı diqtəylə, göstərişlə hazırlanıb. Kimin tapşırığıyla? Əla sualdı. Cavaba diqqət edək.
Dəvət alması ictimai müzakirəyə, narazılığa səbəb olanlar kimlərdi?
- Elvin Bədəlov. Riad Rəfiyevin prezidenti olduğu “Sumqayıt”ın üzvüdü. Uzun illər rəsmən milli komandanın meneceri işləyən, indi də qeyri-rəsmi olaraq bu vəzifəni icra edən Riad bəy bu futbolçunu bir çox komandalara sırıyıb, hətta Avstriyada qısa müddətdə fəaliyyət göstərən “Qarabağ”a kimi aparıb. İstedadsızlığı bəlli olduqdan, geri qaytarıldıqdan sonra isə ona öz klubunda – “Sumqayıt”da yer verib. Hər keçidi üçün də transfer haqqı – komission haqqı qamarlayıb. İndi Bədəlovun milliyə çağırılmasının başqa səbəbi də var. Belə ki, sponsorlara göstərmək istəyirlər ki, böyük işlər görmüşük, “Sumqayıt”dan milliyə filan qədər futbolçu çağırılıb.
- Əmir Ağayev. Ötən mövsüm “Sumqayıt”da idi, indi Yunanıstan “Atromitos”undadı. Pəfiyev öz maraqları üçün onu müqaviləsi olanda satmadı, heç anlaşmasını da uzatmadı ki, satışından kluba xeyir gəlsin. Azad agent kimi onu xarici kluba daha rahat yerləşdirdi, belədə özünün menecer haqqı artdı. İndi də futbolçunun dəyərini artırmaq, gələcəkdə ondan daha çox qazanmaq üçün onu milli komandaya pərçim edir. Milli komanda Riad bəy üçün oyuncaqdı, şəxsi mənafeyinə xidmət etmək vasitəsidi.
- Araz Abdullayev. Yenə də Rəfiyevin müştərisindən danışırıq. Vaxtilə onu Kipr “Anortosis”inə, sonra Yunanıstan “Panionios”una aparmışdı, hamısında da öz menecer haqqını götürmüşdü. İndi də Arazı yunan klublarından birinə sırımaq, pul qazanmaq istəyir. 5 aydı klubsuz qalan, millidəki əvvəlki dönəmlərində heç nəylə diqqət çəkməyən Abdullayevi Rəfiyev məhz agenti olduğu üçün milliyə çağırtdırıb. Əmin olun ki, 5-10 dəqiqə də olsa, Arazı oyunda görəcəksiz, çünki Riad bəyə belə lazımdı.
Bax, Azərbaycan futbolu belə idarə olunur. Milli komanda kimlərinsə şəxsi maraqları üçün oyuncağa çevrilib. Dünən Foqtsun, Prosineçkinin adıyla çıxardıqları hoqqaları de Byaziylə davam etdirirlər. İtaliyalı heç Arazı tanımır, ona kimi deyiblərsə, siyahıya salıb. “Baş üstə” deməyə məcburdu, çünki ona dövlət büdcəsindən gələn milyonları, layiq olmadığı pulları o səbəbdən artıqlamasıyla verirlər ki, ağalarının dediyi ilə oturub-dursun.
Məmmədova, Rəfiyevə məhz belə üzüyola məşqçilər lazımdı. Nikola Yurçeviç millli tarixinin ən pis nəticəsini təkrarladıqda Riad bəy heç yada düşmədi, hamı xorvatı qınadı. Həmin məşqçini ki, onu Azərbaycan elə bu dəstə gətirmişdi. Yurçeviçin, U-21-in baş məşqçisi Milan Obradoviçin, U-17-nin “sükançısı” Miloş Velebitin gətirilməsi üçün bu dəstə 300 min avro menecer haqqı alıb. 1 xalla gedən Yurçeviçin, Lixtenşteynə tarixində ilk qələbəni bəxş edən Obradoviçin, aşağı yaş qruplarında şou göstərən Velebitin qazandığı sərvət bir yana, təkcə vasitəçi kimi “mütəşəkkil dəstə” yarım milyondan çox vəsaiti öz cibinə ötürüb.
Və bu adamlar yenə iş başındadı. Öz qazancları, şəxsi mənfəətləri üçün milli komandanı oyuncağa çeviriblər, əməllərindən qalmırlar, “qara maskalılar” yolunu AFFA-dan salana, növbə bu quruma çatana qədər də belə davam edəcək. Uğursuzluq olanda de Byazini qabağa verəcəklər, pandemiyanı bəhanə edəcəklər. Öz biznesləri isə çiçəklənəcək.
Çingiz Aytmatovun “Manqurt”unu oxumayın, gözünüzü açın, özünüz görün (futbolinfo.az).

