İsrailli: "Mən Azərbaycan millisində oynamaq istəyirəm"

1 Avqust 2020 00:42 Milli komanda 1 347
İsrailli: "Mən Azərbaycan millisində oynamaq istəyirəm"

Sportinfo.az xəbər verir ki, Azərbaycanı xaricdə təmsil edən bir neçə futbolçu var.

Onlardan əksəriyyəti “milliləşdirdiyimiz” və ya bizimlə əlaqəsi olanlardır.

2018/19 mövsümündə "Sumqayıt"da top qovan və göstərdiyi oyunla yığmaya dəvət alan Əli Babayev hazırda İsraildə çıxış edir. "Makkabi”nin (Petah-Tikva) üzvü həm də komandanın kapitanıdı.

Babayev və komanda yoldaşları ötən mövsüm İsrailin "Liqa Leumit" adlanan ikinci dərəcəli çempionatında çempion olmağı bacarıblar. Bu nəticə ilə "Makkabi” əsas liqa olan "Ligar Ha'at"a vəsiqə qazanıb.

Bu səbəbdən millimizin üzvü ilə əlaqə saxladıq. Əli ilə İsrail macəralarından, Canni De Byazinin milli komandaya gözlənilən təyinatından və "Sumqayıt"ın Avropa Liqasında uğur qazanmaq ehtimalından danışdıq (Futbol+).

- İsraildə işlərin necə gedir?
- Hər şey əladı. Hazırda istirahət edirik. Tezliklə yeni mövsümün hazırlığına başlayacağıq.

- Komandan yenidən İsrailin əsas liqasında iştirak edəcək...
- Möhtəşəm mövsüm keçirdik. "Liqa Leumit"də çempion olaraq elitaya vəsiqə qazandıq. Buna görə çox xoşbəxəm.

- Komandanın səninlə bağlı planları nədi?
- İki il müqaviləm var. Hələ ki "Makkabi”nin uğurları üçün tər tökəcəm. Burda hər şey əladı və özümü yaxşı hiss edirəm.

- Əsas liqa üçün hədəfləriniz nədi?
- Komandanın çox yaxşı heyəti var. Bir neçə transfer edərək daha da güclənəcəyik. İlkin hədəfimiz çempionun bəlli olduğu pley-off mərhələsinə vəsiqə qazanmaqdı.

- Liqaya yeni vəsiqə qazanmısız. Fərqli komandalara və oyunçulara qarşı mübarizə aparacaqsız. Çətin olmayacaq?
- Əlbəttə! Amma düşünürəm ki, ilk oyunlarda özümüzü yaxşı tərəfdən göstərsək, bunu bacaracağıq. Mən və komanda yoldaşlarım müxtəlif vəziyyətlərdən birgə çıxmağa öyrəşmişik.

- Komandanın kapitanısan və əsas diqqətlər sənin üzərindədi. Bu, İsraildə başqa klubda çıxış etməyinə səbəb ola bilərmi?
- Klub rəhbərliyi komandanın daha da güclənməsi üçün əlindən gələni edir. Koronavirus planlara mane olsa da, keyfiyyətli futbolçular transfer etməyə çalışdıqlarını bilirəm. Düşünürəm ki, daha da yaxşı olacağıq və hədəflərimizə çata biləcəyik.

- Avropanın daha yaxşı çempionatlarından transfer təklifi gəlsə, dəyərləndirəcəksən?
- Bu barədə heç nə deyə bilmərəm. Belə bir təklif olsa, əvvəlcə klub rəhbərliyi ilə razılaşmalıdılar. Onlara sərf edən şərtlər olsa, mən də Avropada daha yaxşı çempionatda oynamaq istəyərəm.

- Milli komandamıza yaxın vaxtlarda Canni De Byazinin təyinatı gözlənilir. İtaliyalı məşqçi haqda nə deyə bilərsən?
- Şəxsi tanışlığım yoxdu. Amma hər kəsə bəllidi ki, italiyalı məşqçilər taktiki baxımdan çox güclü olurlar. Onlar komandada əsas söz sahibidilər. Canni De Byaziyə uğurlar arzulayıram. Ümid edirəm ki, yığmamız üçün möhtəşəm təyinat olacaq.

- Milliyə təyin olunan hər yeni məşqçi legionerləri daha çox diqqətdə saxlayır. Sən də Azərbaycanı xaricdə təmsil edən futbolçulardan birisən. De Byazinin sevimli oyunçularından biri olacağını düşünmürsən?
- Hələ bu barədə nəsə deməyim doğru olmaz. Lakin mən hər zaman Azərbaycan millisində oynamaq istəyirəm. Yığmada uğur əldə etmək ən böyük arzularımdan biridi. Azərbaycan millisində oynamaq məni xoşbəxt edir və həmişə də edəcək.

- "Sumqayıt" bu mövsüm tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandı...
- Bu barədə məlumatım var. "Sumqayıt"ın bütün oyunlarını diqqətdə saxlayıram. Onlar mənim qəlbimdə daim qalacaqlar. Həqiqətən də Sumqayıtdakı insanları çox sevirəm. Bütün səmimiyyətimlə komandaya Avropa Liqasında uğurlar arzulayıram.

- Amma Əmir Ağayev, Peyman Babayi, Mehdi Şərifi kimi bir sıra futbolçular komandadan ayrıldılar. Bu məqam "Sumqayıt"a problem yaratmayacaq?
- Onlar çox yaxşı və vacib oyunçulardı. Aleksey İsayev də komandanın əsas üzvlərindən biri idi. Onun da komandadan gedişi nəticələrə təsir edə bilər. Düşünürəm ki, Riad Rəfiyevlə Zamiq Hüseynov bu problemləri tezliklə aradan qaldıracaqlar. Əminəm ki, Avropa Liqası üçün çox yaxşı komanda formalaşdıracaqlar.

- Səncə, "Sumqayıt" Avropa Liqasında neçə mərhələ keçmək potensialındadı?
- Bu haqda danışmaq o qədər də asan deyil. Avropa Liqası sürprizlərlə dolu turnirdi. Orda iştirak etməyin özü də bir uğur sayıla bilər. Amma ümid edirəm ki, sabiq komandam yaxşı nəticələr əldə edəcək.

- Yenidən Azərbaycan premyer-liqasında oynamaq arzun və ya ehtimalın varmı?
- Bunu zaman göstərəcək. Hazırda ancaq "Makkabi” haqda düşünürəm.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!