UEFA 18 yaşadək futbolçular arasında ilk dəfə keçiriləcək Millətlər Liqasının startını ertələyib.
Bu barədə Sportinfo.az-a U-18 yığmasının baş məşqçisi Elxan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, qitə futbol qurumu koronavirus pandemiyası ilə əlaqədar bu ilin sentyabrında təşkil olunmasını planlaşdırdığı turniri 2021-ci ilin müvafiq vaxtınadək təxirə salıb:
«Bilirsiz ki, komandamız S Divizionunda çıxış edəcək. Qrupda Andorra, Monteneqro və Farer adaları ilə düşmüşük. Oyunlar Andorrada olmalı idi. UEFA pandemiyaya görə belə etdi, 1 il sonraya saxladı. Biz də buna görə bütün planlarımızı dəyişdirməli olduq.
Yeni hazırlıq planı hələ bəlli deyil. çünki sərt karantin davam edir, evdən bayıra çıxa bilmirik. Məşqlərə nə vaxt icazə veriləcəyindən də məlumatsızıq. Qeyri-müəyyənlik əl-qolumuzu bağlayır.
Gərək 2021-ci ildəki yarışa fərqli heyyətlə gedək. Yaş limitinə görə indiki 2003-ləri ora apara bilməyəcəyik. Bizdə olanlar U-19-a – Samir Əliyevin komandasına getməli olacaq. U-17-də olanları da biz götürəcəyik.
AFFA-dan xəbər gözləyirəm. Zəng edən kimi gedib görüşməliyəm, yeni hazırlıq planını müzakirə etməliyəm. Mən komandaya baş məşqçi təyin olunan gündən hələ 1 dəfə məşq keçməmişəm.
Fikrimiz martda toplanışa başlamaq idi, koronavirusa görə təxirə salmaq məcburiyyətində qaldıq. Bundan sonra gərək vaxtdan düzgün istifadə edək, davamlı şəkildə toplanış keçirək».

