"O, Azərbaycan millisi üçün əla seçimdir" - Ansi Aqolli

15 İyul 2020 13:54 Milli komanda 671
"O, Azərbaycan millisi üçün əla seçimdir" - Ansi Aqolli

“Qarabağ”ın albaniyalı sabiq futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, hazırda ABŞ-ın “Nyu-York Kosmos" klubunda çıxış edən 37 yaşlı müdafiəçi Canni De Byazinin millimizə baş məşqçi təyin edilməsinə münasibət bildirib,

italiyalı mütəxəssisin köməkçisi olacağı ilə bağlı iddialara aydınlıq gətirib və gələcək planlarından danışıb.

- Canni De Byazi Azərbaycan millisinə baş məşqçi təyin edildi. Bu haqda nə düşünürsünüz?

- Bu xəbər məni təəccübləndirmir. Sadəcə, pandemiya şəraitində Azərbaycana necə gedəcəyini düşünürəm.

- İstanbuldan xüsusi reyslər var.

- Anladım.

- De Byazi haqqında fikriləriniz necədir?

- Bir müddət əvvəl onunla danışmışam, O vaxtdan indiyə qədər çox dəyişdiyini düşünmürəm (gülür). Əslində Canni Azərbaycan üçün əla seçimdir. Çox yaxşı bir məşqçi və işini çox yaxşı bilən bir insandır. Ona inanın.

- De Byazi Azərbaycan millisi ilə uğur qazana bilərmi?

- Sizə deyim ki, adi mütəxəssis deyil. Xüsusilə sözdə kiçik komandalar üçün. Çox çalışqandır. Hələ də işə acdır.

- Albaniyada Azərbaycanı səndən daha yaxşı tanıyan yoxdur. De Byazi sizə köməkçisi olmağı təklif edərsə, qəbul edərsinizmi?

- Hələ bilmirəm. “Nyu York Kosmos”la yeni müqavilə bağlamışam. Həm də, sentyabr ayında öz akademiyamı açmağı planlaşdırıram. Hazırda mənim üçün bir çox öhdəlik dövrüdür.

- De Byazinin rəhbərliyi altında 6 il Albaniya millisində oynamısan. Hansı xüsusiyyətini qeyd edərdin?

- İşdə məsuliyyətli bir insandır və düzgünlüyü sevən bir məşqçidir. Bir daha təkrar edirəm ki, AFFA-nın De Byaziyə etimad göstərməsi heç də təəccüblü deyil.

- De Byazi beş ildən az bir müddətdə Albaniyanı Avropa çempionatına aparmağı bacardı. Sizcə, Azərbaycan millisi ilə də buna nail olacaqmı?

- Təsnifat baxımından proqnoz vermək indi çətindir. Xüsusilə bu pandemiya dövründə. Ancaq təkrar edirəm ki, Canni Azərbaycan millisi kimi komandalarla əla işləyir.

- De Byazi Albaniya yığmasına rəhbərlik etdiyi dövrdə millinin xaricdə oynayan çox üzvü var idi. O, Azərbaycanda nə tapacaq?

- Azərbaycanda "Qarabağ" və "Neftçi" komandalarından millidə oynamaq nə demək olduğunu bilən futbolçular var. Albaniya millisi 2016-cı ildə Avropa çempionatında oynayarkən bizdə də xüsusi bir ulduz futbolçu yox idi. Amma özümüzə inanırdıq. Düşünürəm ki, belə oyunçular Azərbaycanda da var. Bu, komandanı böyük bir turnirin finalına çıxarmaq üçün kifayət edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”