Kabab iyinə məst olan NAĞILBAZ QOCA

13 İyul 2020 16:00 Milli komanda 706
Kabab iyinə məst olan NAĞILBAZ QOCA

Əsl candır bu Canni… De Byazi.

Möhtəşəm biridir. Görəcəyimiz günlər qabaqdadır.

Bizi irəlidə maraqlı, darıxmayacağımız 1,5 il gözləyir. Rəhmətlik Karlos Alberto Torresin ruhu sanki italyanın bədəninə daxil olub. Rəhmətlik kimi gülərüz, şən və nağılbazdır.

Hələ bura gəlməyib, işə başlamayıb, dünyanın o başından elə «üyüdür» ki… Artıq İçərişəhərin gözəlliyindən, Qız Qalasının dar küçələrinin insanı orta əsrlərə qaytarmasından danışır.

Deyir ki, buranın gözəlliyi onu səssiz qoyub.

Öyrənib ki, şəhər böyük, aktiv və dinamikdir, 2 milyon əhalisi var və Xəzər dənizinin sahilində yerləşir. Təsvir edir ki, Bakıda orta əsr divarları arasında gəzərkən gözəllik tapa bilərsiz və bu, həqiqətən cazibədardır.

Deyəsən, AFFA-dakı dostları ona video-rorlik hazırlayıb göndərib. O da bir neçə dəqiqəlik təqdimat videosunda Bakının gecə tablosunu izləyərək, vəcdə gəlib, məst olub və təklifdən ikiəlli yapışıb.

Və üstəlik, təəssüflənir ki, buralarda çox qala biliməyəcək, cəmi 1,5 il. Gördüklərinin təsiri altında bayılan Canni əcnəbi həmkarlarımıza elan edib ki, o, futbolu böyüyən ölkəyə gedir. Hələ gəlib görsün bir…

Gəlib görsün ki, «etibarlı» adlandırdığı AFFA rəhbərliyi Azərbaycanın futbol həyatını necə ağladıb, sahəsini, əhatəsini, dairəsini nə cür daraldıb, nətəhər miskin hala salıb.

Gəlib görsün ki, Qafqazın ən böyük və ən inkişaf etmiş məmləkətinin çempionatında vur-tut 8 klub mübarizə aparır.

Gəlib görsün ki, Premyer Liqada çıxış edən 8 klubdan 5-i bir «əl»ə bağlıdır.

Gəlib görsün ki, ölkənin futbol təsərrüfatı bir nəfərin monopoliyasındadır.

Gəlib görsün ki, «oyuncaq» çempionatda milliyə layiq neçə futbolçu var.

Gəlib görsün ki, 10 milyon əhalisi olan ölkənin dörd bir guşəsi futbol üzünə həsrət qalıb.

Gəlib görsün ki, AFFA Premyer Liqanın yeganə əyalət nümayəndəsi olan «Qəbələ»ni diz çökdürmək və ələ keçirmək üçün hansı hoqqabazlıqlar edir.

Gəlib görsün ki, Avropasayaq gülüşünə vurulduğu Elxan Məmmədov ötən 13 il ərzində ortabab imkan sahibindən milyonerə necə çevrilib.

Gəlib görsün ki, burada federasiya rəhbərinin futbolda sözü keçmir, o, sadəcə, sponsordur, heç bir işə qarışmır, qarışa bilmir.

Gəlib görsün ki, bir klubun prezidenti o biri klubun prezidenti olmaq üçün kimin «bığının altından» keçir.

Gəlib görsün ki…

Canni qoy gəlsin. Çox şey görəcək və eşidəcək. Ondan sonra peşman halda danışacaq? Xeyr, a… 65 yaşı var, burada yaxşı pul qazanacaq. Qovsalar, kompensasiyasını alacaq. Əlində daşdan keçən FİFA kontraktı var, istənilən halda uduş onundur.

Çətini müqaviləyə qol çəkənə kimi idi. 2017-ci ildən bugünü gözləyə-gözləyə qalmışdı. Futbolumuzun halına yanıb, onu pul-para sahibi edənlərlə özünü düşmən etməyəcək. Olan yenə bizə, futbolumuzun inkişafını istəyənlərə, arzulayanlara olacaq.

De Byazi «futbolu böyüyən ölkəyə gedirəm»i bu gün deyir. Sabah özündən əvvəlkilərin dediyini deyəcək. Torres, Foqts, Prosineçki, Yurçeviç kimi. Deyəcək ki, «material» yoxdur, səviyyə aşağıdır, klub sayı azdır və daha nələr, nələr…

Bunları şikayət üçün sorğulamyacaq. Kimisə ittiham etmək, isti yerini soyuq eləmək niyyəti ilə müzakirə açmayacaq. Özünə bəraət, yenə vaxt udmaq və qazanmaq məqsədilə söyləyəcək, çiyinlərini çəkəcək. Buna hazır olaq. Daha bir neçə gülməli və ağlamalı nağılı dinləməyə də.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti