AFFA-nın pərdəarxası planı, “xüsusi şərtlərlə razılaşma” oyunu

11 İyul 2020 12:02 Milli komanda 881
AFFA-nın pərdəarxası planı, “xüsusi şərtlərlə razılaşma” oyunu

Maraqlı proseslər gedir. Sanki AFFA İcraiyyə Komitəsinin üzvləri bir damın altına toplaşmayanda, iclaslarını videokonfrans şəklində keçirəndə daha cəsarətli olur. Təsadüfi deyil, Canni de Byazinin millimizə baş məşqçi təyin olunmasına cəmi 8 nəfər səs verib. Əvvəllər heç bitərəf qalan da olmazdı.

5 əleyhidarın kimliyini hələlik bilmirik, amma yavaş-yavaş AFFA-da demokratik düşüncə görüntüsü gözə dəyir. Premyer Liqanın dayandırılmasıyla bağlı qərara yalnız Elmar Məmmədyarov qarşı çıxmışdısa, indi yekdilliyi pozanların sayı daha çoxdu. Deməli, qurumun özündə də boşa verilən illərdən nəticə çıxaranlar “yetişir”, Elxan Məmmədova inam azalıb, onun ssenarisiylə oturub-durmaqdan bezənlər üzə çıxır. Bəlkə elə bu üzdəndi ki, ilin əvvəlində İK üzvlərinin sayı artırılmışdı…

Müxalifətçi, islahata həvəsli İK üzvlərinin üzə çıxması öz yerində, amma AFFA-nın əcnəbisevər məmurları yenə istəyinə çatdı. 5 ildi Canni de Byazini millimizə gətirmək istəyən qüvvələr nəhayət, planını reallaşdırdı.

AFFA-nın təyinatla bağlı rəsmi açıqlamasındakı nüans da maraqlıdı və məkrli planın üstünü örtmək cəhdidi. Guya ki, de Byaziylə müqavilə yalnız o, xüsusi şərtlərlə razılaşacağı təqdirdə imzalanacaq: “COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalanmasına qərara alınıb. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilməsinə (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə) qərar verilib. İtaliyalı mütəxəssis koronavirus pandemiyası ilə əlaqəli xüsusi şərtlər üzrə müqavilə bağlamağa dəvət olunacaq. Mövcud durum yaxın gələcəkdə vəziyyətin yaxşılaşacağına zəmanət vermir. Məhz bu detallar 66 yaşlı italiyalı mütəxəssislə müzakirə ediləcək”.

Gülməlidi – bu, həm təyinatdı, həm də oyun. Qarşıdan Millətlər Liqasının matçları gəlir. AFFA dövlət rəhbərliyinin, həm də ictimaiyyətin tələbini nəzərə almağa məhkumdu. Keçən dəfə olduğu kimi, yenə də qrupdan çıxmaq qarşıya qoyulan əsas vəzifə olmalıdı. Qurban Qurbanovdan bunu istəyənlər indi fərqli tələblə çıxış edə bilməz. İtaliyalı isə bunu vəd etmir. Bu səbəbdən onunla danışıqlar hələ bitməyib.

AFFA-nın pərdəarxası planı da bizə bəllidi. Qurum de Byazi ilə danışıqları yubadacaq, sonda Millətlər Liqası bitdikdən sora müqavilə imzalanması razılaşdırılacaq. Belədə 2 ay sonra başlayacaq qrup oyunlarında milliyə başqası rəhbərlik edəcək. Arif Əsədovun köməkçi kimi təyinatının rəsmiləşməsi təsadüfi deyil. Millətlər Liqasında məsuliyyəti onun boynuna qoyub, daha sonra yola de Byazi ilə davam etmək istəyirlər. İtaliyalıyla “xüsusi şərtlərlə razılaşma” oyunu bundan ibarətdi.

Kəsəsi, Canni de Byazi ilə kəbin kəsilib, nikah isə yoxdu. “Sevgililərin tanışlığı” üçün digər adaxlının – Əsədovun gözdən salınması lazımdı (futbolinfo.az)

Digər Xəbərlər
Xəbər Lenti