Məşhur italyan Azərbaycanda nə qədər pul qazanacaq? – ŞOK RƏQƏM!

10 İyul 2020 15:04 Milli komanda 2 030
Məşhur italyan Azərbaycanda nə qədər pul qazanacaq? – ŞOK RƏQƏM!

Bu dəqiqələrdə AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası başlamalıdır.

Burada digər məsələlərlə yanaşı, millinin baş məşqçi postuna namizədlər ətrafında müzakirələr gedəcək.

AFFA-ya yaxınlığı ilə bilinən mətbu orqanların da yazdığı kimi, hazırda bu posta 2 əsas namizəd var. Onlardan biri italiyalı Canni De Byazi, digəri isə irlandiyalı Roy Kindir.

Üçüncü və ehtiyat variant isə ötən il millidə xorvatiyalı baş məşqçi Nikola Yurçeviçin köməkçisi olmuş Arif Əsədovdur. Amma De Byazinin baş məşqçi təyin edilmə ehtimalının yüksək olduğu bildirilir.

Roy Kin 1993 - 2005-ci illərdə "Mançester Yunayted"də çıxış edib. O, 1997-ci ildə Erik Kantonanın gedişindən sonra "qırmızı şeytanlar"ın kapitanı olub.

Keçmiş yarımmüdafiəçi bu müddət ərzində 7 dəfə İngiltərə çempionluğu, 4 dəfə isə ölkə kubokunu qazanıb. 1998/1999 mövsümündə Çempionlar Liqasının qalibi olmuş keçmiş oyunçu 1991 - 2005-ci illərdə İrlandiya yığmasının formasını geyinib.

Baş məşqçi kimi Roy Kinin son iş yeri 2009 - 2011-ci illərdə "İpsviç Taun" klubunda olub. Kin 2006/2007 mövsümündə "Sanderlend" komandası ilə Çempionşipin qalibi olub. İrlandiyalı mütəxəssis 2007-ci ilin fevral və mayında iki dəfə bu liqada ayın məşqçisi seçilib.

O, həm də İrlandiya yığmasında 2013 - 2018-ci illərdə köməkçi-məşqçi kimi çalışıb. Son olaraq, Kin 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.

Futbolçu kimi elə də ciddi uğurları olmayan Canni De Byazinin əsas nailiyyəti məqçilik karyerası ilə bağlıdır. İtaliyada SPAL, "Modena", "Breşiya", "Torino" və Udineze" kimi komandalara rəhbərlik etmiş 64 yaşlı mütəxəssis ilk iki kollektivlə C Seriyasının qalibi olub.

O, ən böyük uğurunu isə millidə çalışarkən qazanıb. 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq etmiş Canni De Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb. Onun sonuncu iş yeri isə İspaniya "Alaves"i olub. Təcrübəli mütəxəssis 2017-ci ildən işsizdir.

Amma bu gün işçiz günləri başa çatacaq. Redaksiyamıza bununla bağlı yeni məlumatlar daxil olub. Belə ki, De Byazi AFFA-ya Roy Kindən daha aşağı qiymətə anlaşıb. Əgər britaniyalı əfsanəyə 850 min avroya təklif olunubsa, italyan həmkarı bundan bir qədər az – 600 min avroya «hə» deyib,

Təkrar edirik: razılaşma 1+2 illikdir. Əgər yığmamız UEFA Millətlər Liqasının S Divizionunda yer aldığı qrupu ilk pillədə bitirirsə, onunla anlaşmanın ikinci hissəsi avtomatik qüvvəyə minəcək.

Komandamız Monteneqro, Kipr və Luksemburqun olduğu qrupda ikinci, yaxud daha aşağı yerlərdən birini tutarsa, bu zaman müqavilənin gələcək taleyi AFFA-nın qərarına bağlı olacaq.

Təbii ki, Canni De Byazi burada başqa bonuslar da gözləyir. Hər qələbəyə görə mükafat alacaq. Milli qarşısına qoyulan birinci məqsədinə çatarsa, ona böyük məbləğdə «ənam» veriləcək. Apenninli mütəxəssis fəaliyyətdə olduğu müddətdə vaxtının çoxunu Bakıda keçirəcək. O, şəhərin mərkəzində mənzil və xidməti avtomobilə təmin olunacaq.

Bir düzəlişi də diqqətinizə çatdıraq: AFFA-ya yaxın mənbələr italyanın hazırda Bakıda olmadığını iddia edib. Albaniya yığmasının sabiq çalışdırıcı Azərbaycana gəlməyə hazırlaşsa da, son anda sənədləşmə məsələsi həllini tapmayıb. Viza ala bilməyən mütəxəssis federasiya rəhbərliyi ilə video görüntülü təmasa keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti