De Byazinin real qiyməti Qurban Qurbanovdan 10 dəfə aşağıdır

10 İyul 2020 10:10 Milli komanda 1 365
De Byazinin real qiyməti Qurban Qurbanovdan 10 dəfə aşağıdır

Bu gün milli komandanın baş məşqçisinin adına aydınlıq gələcək.

Çox güman, millini ilk dəfə bir italyan - Canni de Byazi çalışdıracaq.

De Byazi bizim kimi əbədi futbol autsayderlərindən Albaniya ilə fantastik uğur qazanmış mütəxəssisdir. Əgər o Albaniya ilə həmin nəticəni göstərəndən sonra Azərbaycana gəlsəydi, babat müqavilə şərtləri irəli sürə bilərdi. Amma indi De Byazinin real qiyməti, məsələn, Qurban Qurbanovdan ən azı 10 dəfə aşağıdır.

Çox hörmət etdiyim Arif Əsədovun adı hallansa da, mən inanmıram ki, AFFA Qurban Qurbanovdan sonra uzun müddət yerli mütəxəssisə şans verə.

De Byazi bizim komanda üçün heç də ən pis variant deyil. İndiki dövrdə bizə ucuz və keyfiyyətli variant lazımdır. De Byazi bu mənada bəlkə də ən yaxşı seçimdir.

"Neftçi"də çalışdığım dövrdə əvvəl yaxşı tanımadığım bəzi həmkarlarımın klubdan pul qopartmaq üçün hər cür səviyyəsizliyinə və simasızlığına şahidlik etdim.

İndi fikirləşirəm ki, gərək, onları o zaman biabır edərdim ki, bəlkə bir daha bu sahəyə ləkə olmayardılar. Amma xasiyyətcə yumşaq və konfliktlərdən uzaq adamam, ona görə də həyatımın o dönəmini də sakitliklə yola verməyə çalışdım.

Bunu niyə xatırlayıram? Çünki sabah AFFA rəsmi qərarı açıqlayandan sonra bu "paralı əsgərlər" yenə ağıllarına gələni yazmağa, haray salmağa başlayacaq.

AFFA-nın bugünəcən olan fəaliyyəti bərbaddır. Bu haqda mövqeyim bəllidir, yazılarımla da, yəqin ki, tanışsız. Amma seçim De Byazi və Arif Əsədov olacaqsa, mən bunu dəstəkləyəcəm. De Byazinin çoxdan işləməməsini, Arif Əsədovun məşqçi kimi o potensialda olmadığını deyəcəklər.

Amma dünyanın ən yaxşı məşqçilərini gətirsələr, yenə eyni davranış sərgiləyəcəkdilər... Çünki burada məqsəd başqadır. "AFFA-dan pul almıramsa, Elxan Məmmədovu sevməyən adamlar əksinə, mənə dəstək verirsə, ağa da qara deməliyəm" məntiqi, mənəvi öhdəliyi var bəzi "jurnalistlər"in.

Bu "mətbəxdaxili" söhbətləri bəlkə də yazmamalı idim. Amma azarkeşlər də gerçəkləri bilməlidir. AFFA-da, klublarda rəhbər vəzifələr tutanlar təmiz olmadığı kimi, idman jurnalistlərinin də heç də hamısı təmiz deyil, təmənnalıdır...

Gerçəklik budur, təəssüf ki...

De Byazinin "Albaniya möcüzəsi"ni hamı bilir. Bir də Arif Əsədovun "Neftçi"nin əvəzedicilərini çalışdırdığı dövrü xatırlayıram. İstedadlı gənc heyət və mükəmməl oyun yadımda qalıb.

O komandanın az qala bütün üzvləri sonradan əsas millinin, ölkənin aparıcı futbolçuları oldu. Arif Əsədov potensialını hələ tam açmayan ən yaxşı məşqçilərimizdəndir. Mənə görə U-21 ona tapşırılsa, yaxşı işlər görə bilər.

İstənilən halda, futbolumuz və ölkəmiz üçün xeyirli uğurlu bir seçim olsun!

Anar Şabanoğlu

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!