Elxan Məmmədov millinin yeni baş məşqçisini çoxdan seçib...

9 İyul 2020 20:40 Milli komanda 1 127
Elxan Məmmədov millinin yeni baş məşqçisini çoxdan seçib...

Yarım ildən çoxdur başsız qalan Azərbaycan millisinin sabah yeni "sahibi" müəyyənləşəcək.

Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsinin videokonfransında bunun müzakirəsi olacaq.

Təbii ki, bu, AFFA-nın rəsmi saytında yerləşdirdiyi məlumatdır. Görəsən, həqiqət bundan ibarətdir? Yəni AFFA İcraiyyə Komitəsi toplaşacaq, hər kəs öz fikrini bildirəcək, səsvermə ilə ən çox səs toplayan baş məşqçi seçiləcək? Hadisələrin bu cür şəffaf cərəyan edəcəyinə inanmaq üçün ya sadəlöhv, ya da bu sahədə "naşı" olmaq lazımdır.

Mətbuata da 3 namizədin adını ötürüblər. O olmasa bu olacaq, bu alınmasa o biri təyin ediləcək və s. Koronavirus pandemiyasından əvvəl "30-luq"da olan Canni de Byazi həmin siyahıdan "sağ qurtulan" yeganə mütəxəssis olub. Son günlərdə onun yanına Roy Kini də əlavə ediblər, ad odur ki, tarixi seçim qarşısındadırlar.

Hər kəsə məlumdur ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov millinin baş məşqçisini çoxdan seçib. Sabahkı videokonfrans isə yalnız formal xarakter daşıyır. İnternetlə bağlanacaqlar, AFFA prezidentinin "dobro"sunu alan Məmmədov "təbrik edirəm, seçimimiz filankəsdir" deyəcək, bəziləri də "ura" deyib, alqış sədaları ilə canlı yayımı şənləndirəcəklər. Əlbəttə ki, Elxan Məmmədov müəyyənləşdirdiyi baş məşqçi ilə artıq anlaşıbsa, ssenarinin başqa cür olmayacağı şübhəsizdir.

Təəssüf ki, Azərbaycan futbolunda şəffaflıq yalnız söz olaraq istifadə edilir. İstər assosiasiyada, istərsə də klublarda idarəçiliyin necə olduğunu, qərarların hansı meyarlarla verildiyini bilməyən yoxdur. Futbol başbilənlərimizin çoxunun ürəyi kimə yaxındır, ona da qucaq açırlar. "Bu insan komandaya, ölkəyə uyğundurmu, bura öyrəşə bilərmi, bizimkilərlə yola gedərmi, oyun üslubu necədir" kimi suallar heç kimi maraqlandırmır. Görünür, Elxan Məmmədovun da ürəyi alman və xorvat modelindən sonra indi təkcə ad yox, həm də ölkə dəyişikliyini istəyir.

O ki qaldı namizədlərin millimizdəki iş perspektivinə, Roy Kin adının bir anda necə gündəmə gəlməsi maraq doğurmaya bilməz. Futbolçu karyerası Azərbaycanın futbol tarixindən zəngin olan Kini deyəsən elə bu özəlliyinə görə namizəd seçiblər. Axı bu insan məşqçi kimi hələ özünü təsdiqlədə bilməyib. 2006-cı ildə məşqçiliyə başlayıb, 3-4 il baş məşqçi kimi orda-burda özünü "yandırıb", sonra da çəkilib köməkçiliyə. Yəni Nikola Yurçeviçdən elə bir fərqi yoxdur. Xorvatiyalıdan əlləri bala batdı ki, eyni səhvi təkrarlayırlar?

Canni de Byazi isə Albaniyadakı işi ilə tanınır. İtalyanlara xüsusi simpatiyası olan Elxan Məmmədov da yəqin eyni uğurun Bakıda təkrarlanacağını düşünür. Amma unudur ki, Albaniya millisi AVRO-2016-ya "Latsio", "Napoli", "Bazel, "Köln" və bu kimi klubların futbolçuları ilə yollanıb. Bizim isə ölkə xaricindəki ən yaxşılarımız İspaniyanın, Almaniyanın aşağı liqasında gün keçirirlər. Üstəlik, de Byazi yaşlıdır, müasir futbol üçün inanmırıq ki, lazımi qədər enerjisi olsun. Bu mənada onun Berti Foqtsdan tək fərqi adının və milliyyətinin başqa olmasıdır. Mütləq əcnəbi gətirəcəksənsə, o zaman Robert Prosineçki kimi ac, işinə inanan və futbolçuları da buna inandıran adam tapmalısan.

Digər tərəfdən, Azərbaycan millisinə əcnəbi məşqçi lazımdırmı? Bu şablon sualı bütün azarkeşlərimiz illərdir verirlər. Yəni AFFA-dakılar azarkeş qədər də düşünə bilmirlər? Ölü vəziyyətdə olan futbolun solmuş son yarpaqlarını tökməkdədir. AFFA isə o yarpaqları boyalayacaq bağban axtarır. Halbuki gözəl başa düşürlər ki, problem ağacın kökündədir, qulluq ora edilməlidir. Üstəlik, koronavirusun maliyyə problemi yaratdığı bir dönəmdə milyonlara verib gətirəcəyiniz Canni de Byazi və ya Roy Kin əlahiddə nəyi bacaracaq? Ən yaxşı halda Prosineçki kimi 10 xal toplaya bilər, vəssalam. 1-2 ildən sonra da cibini doldurub yola salacaqlar, yenisini axtaracaqlar. Qardaş, sənin Avropaya çıxaracaq futbolçun yoxdur. Əcnəbi məşqçi harana yaraşır?

Başa düşürük ki, uşaq futbolu, gələcək nə AFFA-nın, nə də klubların vecinədir. Heç olmasa o əcnəbiyə tökəcəyin milyonları səmərəli yerə sərf et, "Sumqayıt"ı "ölməyə" qoyma. Vallah, bu gün millinin baş məşqçisi postuna üçüncü namizəd göstərilən Arif Əsədovu qoysanız, xidməti Kindən, de Byazidən az olmaz. Ən azı pullar havaya sovrulmaz, nəticə də əcnəbilərdən pis olmaz. Heç olmasa bir dəfə "yerli məşqçilərə güvənirəm" deyə bilin (apasport.az)...

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"