AFFA kimi milliyə baş məşqçi təyin etməməlidir?

8 İyul 2020 18:20 Milli komanda 1 378
AFFA kimi milliyə baş məşqçi təyin etməməlidir?

İyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Saat 15:00-da başlayacaq iclasın gündəliyinə daxil olan əsas məsələ millinin baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsidir.

Gündəlikdə digər məsələlər də yer alıb. Hazırda əsas namizədlər italiyalı Canni de Byazi, irlandiyalı Roy Kin və Arif Əsədovdur.

AFFA yenə öncəliyi əcnəbilərə vermək fikrindədir. Federasiyanın milli komandalara məsul vitse-prezidenti Elşad Nəsirov, ümumiyyətlə, onların tərəfindədir. Bu şəxsin fikrincə, ölkənin bir nömrəli komandasını heç bir halda yerli mütəxəssislərə tapşırmaq olmaz.

Düzdür, AFFA prezidenti Rövnəq Abdullayev onun kimi düşünmür, lakin fakt odur ki, yığmayla bağlı məsələdə son söz sahibi Nəsirovdur. O, nə dedisə, o da olub, olur və yəqin ki, bundan sonra da olacaq.

Bugünün mənzərəsi bir balaca fərqlidir. Neftin qiymətinin dünya birjasında hələ də aşağı olması maliyyə cəhətdən SOCAR-dan asılı fəaliyyət göstərən AFFA-nın əlini «sıxır».

Nikola Yurçeviç sençimində yanılan və böyük haqlı tənqidlərə məruz qalan qurum maddi korluqla üzləşib. Daha xaricilərin yolunda milyonlar səpələmək çətinləşib. 16 ildir yadelli məşqçilərə qucaq-qucaq pul xərcləyən AFFA-nın indi iqtisadi gücü zəifləyib.

Albaniya yığmasındakı işiylə tanınan Canni de Byazi Azərbaycana can atır. Bu, birmənalıdır. İtaliyalı yeni macəra axtarışındadır və qoca yaşında Bakını görmək arzusundadır.

Azı 2-3 il. Birillik müqavilə apenninli mütəxəssisin planlarına ziddir və qarantiya tələb edir. Bu müddət üçün istədiyi məbləğ 2-2,5 milyon avrodan aşatı deyil.

Böyük Britaniya mətbuatı açıqlayıb ki, AFFA Roy Kinə illik 850 min avro təklif eləyib. İrlandiyalı həmkarlarımız "Mançester Yunayted" əfsanəsinin AFFA ilə anlaşmasını zəruri edən səbəbləri dəyərləndirib.

Məqalədə səbəblərdən biri kimi maliyyə şərtləri göstərilib. Yerli KİV qeyd edib ki, irlandiyalı mütəxəssisin maliyyə tələbləri AFFA-nın ürəyincədir.

48 yaşlı çalışdırıcı üçün maddi məsələ o qədər də önəmli olmadığından, o, elə də yüksək maaş istəmir. Həmçinin assosiasiya ona istər təlim-məşq toplanışları, istər səfərlər, istərsə də otellərlə bağlı ən yüksək səviyyədə şərait sözünü verib.

Digər səbəb isə odur ki, Roy Kin baş məşqçi kimi özünü təsdiq etmək və daha yüksək səviyyəli komandaları çalışdırmaq arzusundadır və bu baxımdan Azərbaycan millisini tramplin kimi görür.

Həmkarlarımız çalışdırıcının əsas məqsədinin Millətlər Liqasında uğurlu çıxış etmək olacağını vurğulayıb: "Düzdür, Azərbaycan millisi klub kimi deyil ki, istədiyin futbolçunu transfer edə biləsən.

Üstəlik, beynəlxalq arenada elə yüksək imkanları da yoxdur. Ancaq qalib gəlsə də, məğlub olsa da, Azərbaycan yığmasında çalışmaq Roy Kin üçün zəngin təcrübə olacaq".

Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə birgə qərarlaşıb. Qrup oyunlarına sentyabrın 5-də start veriləcək.

Deməli, yeni gjələn məşqçinin komandanı hazırlaması üçün cəmi 57 gün qalıb. Bu isə çox az müddətdir. Məntiq deyir ki, AFFA görünən kəndə bələdçi axtarmamalıdır, sükanı yerli məşqçiyə tapşırılmalıdır.

Bu, Arif Əsədov olacaq, adı son günlərə kimi gündəmdə qalan Rəşad Sadıqov olacaq, ya qeyrisi - deyə bilmərik. İnanmaq istəmirik ki, federasiya yığmaya əcnəbi dəvət etməklə öz belinə «bomba» bağlasın. İndi bunun yeri yoxdur, ağılsızlıqdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti