Millimizdə KİN olmayacaq – Şərtləri AFFA-nın istəyi ilə üst-üstə düşmür

6 İyul 2020 12:44 Milli komanda 742
Millimizdə KİN olmayacaq – Şərtləri AFFA-nın istəyi ilə üst-üstə düşmür

Azərbaycan millisinin yeni baş məşqçisinin kimliyi, deyəsən, ən yeni tarixdə məlum olmayacaq.

Sportinfo.az-ın məlumatına görə, AFFA ilə Roy Kin arasında bir müddətdir davam edən danışıqlar yenidən dayanıb.

Federasiya "Mançester Yunayted"in canlı əfsanəsinə UEFA Millətlər Liqasında C Liqasında yer alan yığmaya Kipr, Monteneqro və Lüksemburqla birgə yer aldığı qrupun oyunları zamanı rəhbərlik etmək təklifi ünvanlayıb. Ondan bu mərhələni keçməsi istənilib.

49 yaşlı mütəxəssisə təklif edilən şərtlər cəlbedicidir və irlandiyalı bunu qəbul eləyə bilərdi. Lakin hazırda televiziyalardan birində ekspert kimi çalışan Kin bu riksə getmək istəmir.

O, son olaraq 2019-cu ildə "Nottingem Forest"də köməkçi-məşqçi vəzifəsini yerinə yetirib. Onun baş məşqçi kimi son iş yeri 2009 - 2011-ci illərdə "İpsviç Taun" olub.

Kin 2006/2007 mövsümündə "Sanderlend" ilə Çempionşipin qalibi adını qazanıb. İrlandiyalı mütəxəssis 2007-ci ilin fevral və mayında iki dəfə bu liqada ayın məşqçisi seçilib.

İndi isə Kinin gözləntiləri başqadır. Əvvəla, Azərbaycanda yaşamaq istəmir. AFFA-nın bu barədə tələbi ona qorxulu gəlir. Britaniyalı keçmiş ulduz hər ayın maksimum 7 gününü Bakıda keçirməyi düşünürdü ki, yerli federasiya da buna qarşıdır.

İrlandiyalı yalnız millinin oyunlarından 2-3 gün qabaq burada görünməyin tərəfdarıdır. Bununla yanaşı, qısamüddətli müqavilə təklifi ürəyincə deyil. O, minimum 3 illik kontrakt gözləyir.

Yəni ki, DÇ-2022-nin seçmə mərhələsində də yığmaya rəhbərlik etməyi fikrindən keçirir. Gəl ki, AFFA-nın tərəddüdü var və Kinlə birdən-birə 3 illik müqavilə bağlamağa tərəddüd edir.

İşdir də, olmadı belə, oldu elə. Komanda Millətlər Liqasında özünü göstərə bilmədi, yeni baş məşqçiylə futbolçular arasında qalmaqal yarandı, onda necə olacaq? – bax bu, federasiya mənsublarında narahatlıq yaradır.

Odur ki, görüşmələr məchul bir nöqtədə dayanıb və açığını demək lazımdırsa, adanın məşhur simasının Azərbaycana gəlməsi artıq az inandırıcıdır.

Digər Xəbərlər
Xəbər Lenti