"Kin azərbaycanlılardan nə tələb etsə, bu, problem olmayacaq"

2 İyul 2020 11:34 Milli komanda 692
"Kin azərbaycanlılardan nə tələb etsə, bu, problem olmayacaq"

"Mançester Yunayted"in keçmiş futbolçusu Roy Kinin Azərbaycan millisinin baş məşqçisi ola biləcəyi barədə məlumatlar vətəni İrlandiyada geniş yayılıb.

Sportinfo.az xəbər verir ki, yerli mətbuat bir tərəfdən hesab edir ki, Kinin yığmamıza baş məşqçi təyin edilməsi olduqca real görünür.

Onların fikrincə, əfsanəvi müdafiəçinin maddi ehtiyacını ödəmək üçün ölkəmizdə yaxşı imkan var. Amma digər tərəfdən ortaya belə sual qoyulur: Bəs, AFFA-ya qalmaqallı, məşqçilikdə ciddi uğuru olmayan biri lazımdırmı?

“Extra.ie” nəşri isə yazır: “Roy Kinin AFFA ilə danışıq aparmasının bir səbəbi var - neftlə zəngin olan Xəzər dövləti xərcləməyi və pul yatırmağı sevir. Bu, Kin üçün əla olacaq. O, heç bir müqavilə danışıqlarında aldanmır.

Kin son on il ərzində baş məşqçi işləməsə də, qiyməti bir faiz də düşməyib. Bəlkə də buna görə çox təklif almır. Kin azərbaycanlılardan nə tələb etsə, bu, problem olmamalıdır. Əgər Kin AFFA ilə razılaşsa, səxavətlə mükafatlandırılacaq".

Azərbaycanın idman uğurlarından bəhs edən nəşr millimizin Avro-2020-nin seçmə mərhələsində cəmi bir xal toplamasından da yan keçməyib: “Milli komandada çalışarkən klubdakı imkanlara sahib olmursan.

Roy Kin beş il İrlandiya millisində köməkçi məşqçi kimi işləyib. İndi hər şey onun özünü birinci rolda göstərmək istəməsindən asılı olacaq. O, indiyədək ölkəsindən uzaqlaşmaq istəməyib.

2011-ci ildə İslandiyada işləməkdən imtina etdi. 2012-ci ildə Türkiyənin “Kasımpaşa” klubunun təklifini qəbul etmədi. Kinin demək olar ki, 49 yaşı var, mürəkkəb xarakterə malikdir.

Bəlkə də belə xarakter milli komandalardakı oyunlara uyğun gəlir. Hər halda nəticədən asılı olmayaraq, Azərbaycan millisində işləmək Kin üçün yaxşı təcrübə olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti