Azərbaycanlılara qarşı KİN:

1 İyul 2020 13:12 Milli komanda 779
Azərbaycanlılara qarşı KİN:

Kin – həm irlandiyalı məşhurun soyadı, həm də bir qrup dələduzun bütün azərbaycanlılara qarşı bəslədiyi hiss, duyğu kimi başa düşülə bilər. Və hər iki mənada bu söz reallığa çevrilmək üzrədi.

***

Dünən bəlli oldu ki, AFFA milli komandamızı “Mançester Yunayted”in sabiq futbolçusu Roy Kinə tapşırmaq istəyir. Və bu təyinatda bizimkilərin yeganə istinad nöqtəsi sabiq yarımmüdafiəçinin məhz məşhur ingilis klubunda top qovmasıdı. Onun məşqçi karyerası, bacarığı, futbolumuza nə verəcəyi heç kimi düşündürmür. Təki “yuxarılar”a ağızları köpüklənə-köpüklənə məruzə edərkən yeni məşqçinin məşhur sima olduğunu çatdırsınlar, nəticələr uğursuz olanda da “dünya səviyyəli mütəxəssis idi, o da bacarmadısa, daha nə edək” desinlər. Daha “yuxarı”da kimsə futbolçu Maradona ilə məşqçi Maradona arasında olan fərqi Kinlə uyğunlaşdırıb bunların gözünə soxmayacaq. Çünki futbolu yalnız Elşad Nəsirovun, Elxan Məmmədovun məruzələrində təsəvvür etdikləri qədər izləmək imkanına malikdilər.

İngilis həmkarlarımızın yazdığına görə, AFFA Kinin tez bir zamanda qərar verməsini istəyir. Millətlər Liqasına komanda hazırlamaq üçün vaxt az qaldığından, hamının başının pandemiyaya qarışdığı bir vaxtda tələsik imza atdırmaq niyyətindədilər. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Berti Foqtsdan üzü bu yana neft pullarıyla, quş südüylə əmizdirdiyi saysız əcnəbilərin uğursuzluqlarının hesabatını verməli olduğu bir zamanda utanmaq əvəzinə həya sərhədlərini biraz da aşır. Onun üçün vacib olan məsuliyyəti üzərinə atacağı məşhur əcnəbi gətirməkdi.

AFFA xəbəri rəsmən təsdiqləyib. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla 49 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını təsdiqləyib. O, Azərbaycan yığmasında baş məşqçi vəzifəsinə təyinatla bağlı AFFA-nın danışıq apardığı mütəxəssislər siyahısında bir neçə digər namizədlə yanaşı, Roy Kinin də olduğunu söyləyib: “Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb”.

***

Bəli, Roy əla futbolçu olub. O, 1993 – 2005-ci illərdə “Mançester Yunayted”də çıxış edib, 8 il kapitan sarğısı taxıb. Bu müddət ərzində 7 dəfə İngiltərə çempionu olub, 4 dəfə isə ölkə kubokunu qazanıb. Daha bir dəfə Çempionlar Liqasının qalibi olan sabiq yarımmüdafiəçi 1991 – 2005-ci illərdə İrlandiya yığmasının formasını geyinib.

Amma biz milli komandamıza futbolçu yox, məşqçi seçirik. Bu baxımdan isə Kin ən arzuolunmaz namizədlərdən biridi. Düzdü, debütü yaxşı alınıb, 2008-də ikiillik fəaliyyətdən sonra “Sanderlend”i Çempionşipdən Premyer Liqaya yüksəldib. Lakin sonrası faciəvidi. 2009-11-ci illərdə “İpsviç”də və yenə aşağı liqada çalışdıqdan sonra baş məşqçi karyerasını bitirib.

9 ildi baş məşqçi işləməyən (!) Roy 2013-18-də İrlandiya millisində, 2014-də “Aston Villa”da, 2019-dan “Nottingem Forest”də köməkçi işləyir. Və karyerası hər il daha da geri gedən birini indi Azərbaycan millisinin başına gətirirlər.

Nikola Yurçeviç də eyni cür seçilmişdi. Həmişə köməkçi işləmiş xorvatın millimizdə partlayış edəcəyini vəd edirdilər, yekunda komandamız tarixinin ən pis nəticəsini təkrarladı, qrupda cəmi 1 xal topladı. İndi isə baş məşqçi işlədikdən sonra köməkçi kimi çalışmağı özünə sığışdıran birini qürur yerimiz olan milli komandamıza rəhbər gətirirlər. Yığmamız yenə “təcrübə dovşanı” seçilib, azarkeşlər, futbol ictimaiyyəti axmaq yerinə qoyulur.

***

Bütün dünyada çempionatlar bərpa olunduğu halda Azərbaycanda məsuliyyətdən qaçıb, paketlərini qatlayanlar, yarışı tələsik bitirən səriştəsiz Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov, Vaqif Sadıqov və başqaları növbəti biabırçılığa hazırlaşır. Meydana buraxmağa 11 futbolçu tapılmayan ölkədə xarabazara taclı kral gətirilir. Sanki “Zapı”nı Şumaxer sürsə, “Ferrari”ni ötə biləcək.

İndi bizə əcnəbi baş məşqçi lazım deyil. Dağılmaq üzrə olan “Qəbələ”yə, avrokuboklara uşaqlarla getmək təhlükəsi ilə üz-üzə qalan “Sumqayıt”a dayaq durmaq lazım gələndə pulun olmadığını deyən SOCAR millinin baş məşqçisi üçün milyonlar tapır. Çünki həmin pula şərik olanlar, yüksək menecer haqqı götürənlər, bölüşənlər belə istəyir. Azərbaycan millisinin nüfuzu, ölkənin imici, müqəddəs bayrağımız kimsənin vecinə deyil.

AFFA 13 ildi “mütəşəkkil dəstə” tərəfindən idarə olunur, yüzmilyonlar havaya sovrulur. Heç kim hesabat istəmədiyindən azğınlaşıblar, harınlayıblar, gözləri heç nəyi görmür, ancaq yağmalamağı, dağıtmağı üstün tuturlar. Halbuki ən azı pandemiya bu insanları ağıllandırmalı, pul hərisliklərini bir az soyutmalı idi, çətin zamanda xərcləri azaltmaq, daha münasib yerli kadrlarla şəraitə uyğun işlər görmək gərəkdi.

Artıq bu insanların Azərbaycana nifrət etməsindən şübhələnirəm. Sanki bu ölkəni dağıtmaq, nüfuzuna kölgə salmaq üçün hər şeyə gedirlər. Min bəhanəylə uzaq tutduqları Rəşad Sadıqov, Tərlan Əhmədov, Şahin Diniyev, Arif Əsədov, Ayxan Abbasov və başqaları futbolçulara daha yaxşı bələddi, millinin imkanlarından daha yaxşı istifadə etmək üçün hər şeyi bilirlər. Bütün yerli namizədlər ən azı Kindən daha yaxşıdılar. Amma olmaz – Elxan Məmmədovun hamilərinin və əlaltılarının azərbaycanlılara qarşı kini var. Foqts, Lippert, Yurçeviç hər cür şansa layiqdi, bacarığıyla, cırmaqlaşaraq, döyüşərək, əziyyət çəkərək yetişən AZƏRBAYCANLI yox.

Doğrusu, bütün bunlara göz yumanlar, hesabat istəməyənlər, cəzalandırmayanlar da artıq şübhə siyahımızdadı. Yəni, siz də bu kini görmürsüz? Yoxsa siz də azərbaycanlılara qarı kinlisiz? (futbolinfo.az)

Digər Xəbərlər
Xəbər Lenti