"Gah yalvarıram, gah xahiş edirəm, gah da onları söyürəm"

28 İyun 2020 12:40 Milli komanda 998
"Gah yalvarıram, gah xahiş edirəm, gah da onları söyürəm"

"Yığmayla Ərəbistanda idik. Mən, Zaur Ramazanov, Emin Quliyev, Kənan Kərimov bir otaqda qalırdıq".

Sportinfo.az xəbər verir ki, millinin sabiq qapıçısı Hüseyn Məhəmmədov karyerası ilə bağlı maraqlı xatirəsini bölüşüb.

O, başına gələn hadisəni bu cür nəql edib: "Bekarçılıqdan bilmirdik başımızı necə qataq. Zauru yoldan çıxarıb bığını qırxdırdıq. "Zayka" bir də onda ayıldı ki, hamımız gülürük, sataşıb, iynəli sözlərlə dilxor edirik.

O da bunun acığını bizdən, xüsusilə məndən çıxacağını dedi. Bir neçə saat sonra şortikdə otaqdan çıxmalı oldum. Çölə çıxan kimi bunlar qapını daldan bağlayıb içəri buraxmadılar.

Həmin vaxt Ərəbistanda şortiklə çöldə-bayırda gəzəni şallaqlayırdılar. Qapını döyürəm, yalvarıram ki, açın içəri girim, şortiklə tutsalar, şallaqlayacaqlar, xeyri yoxdur.

Yalvardıqca da, gözüm ətrafdadır ki, görüm gələn var, ya yox. Şallaqlanmaq qorxusu canımı almışdı. O günə kimi heç kimə o qədər yalvarmamışdım. Gah yalvarıram, gah xahiş edirəm, gah da onları söyürəm.

Ancaq faydası yoxdur, qapını açmırlar. Onlara yalvardıqca, həzz alırlar, qapının o tərəfindən gülürlər.

Bir də gördüm, bizim futbolçulardan biri öz otağının qapısını açıb çıxmaq istəyir. Elə bil, gözümə işıq gəldi, yenidən doğuldum. Güllə kimi özümü həmin otağa salıb, dərindən nəfəs aldım".

Digər Xəbərlər
Xəbər Lenti