28 yaşlı yığmamız: Kimlər rəhbərlik edib? - SİYAHI

2 İyun 2020 18:48 Milli komanda 750
28 yaşlı yığmamız: Kimlər rəhbərlik edib? - SİYAHI

Hər hansı bir milli komandanın uğur qazanmasında oyunçuların nə qədər rolu varsa, baş məşqçinin də bir o qədər əməyi var.

28 yaşlı Azərbaycan yığma komandasında da işini bəyəndiyimiz məşqçilər də olub, tənqid olunanlar da.

Sportinfo.az xəbər verir ki, müstəqillik əldə edildikdən sonra 1992-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yaradılıb.

Elə həmin ildə də Ələkbər Məmmədov futbol üzrə Azərbaycan seçmə komandasını baş məşqçi postuna gətirilib. Azərbaycan ilk oyununu 17 sentyabr 1992-ci il tarixində Gürcüstanda yerli komandaya qarşı oynayıb. Həmin matçda yığmamız 6-3 hesabı ilə məğlub olub.

1993-cü ildə Azərbaycan millisi 3 oyun keçirib və hər 3 oyununu qələbə ilə başa vurub. 25 may tarixində Gəncədə Gürcüstanı 1-0 hesabı ilə məğlub edib. Daha sonra ECO Kubokunda 6 iyunda Tehranda Tacikistanı Vidadi Rzayev və Samir Ələkbərovun qolları ilə 2-0 məğlub edib.

Kubokun ikinci oyununda Qırğızıstanı Ruslan Lukinin iki və Vidadi Rzayevin qolları ilə 3-2 məğlub edib və nəticədə ECO Kubokunun 3-cü mükafatına sahib olub. Bu, Ələkbər Məmmədovun sonuncu oyunu olub.

Deyə bilərik ki, milli onun baş məşqçi postunda olduğu illərdə zamana görə, uğurlu çıxış edib. Ələkbər Məmmədovun istefasından sonra onun yerinə Ağasəlim Mircavadov baş məşqi təyin edilib.

Ağasəlim Mircavadovun rəhbərliyi altında, milli ilk oyununa 19 aprel 1994-cü ildə Ta' Qalidə Malta ilə keçirib və 5-0 hesabı ilə məğlub olub. Daha sonra milli Moldovaya 2-1 hesabı ilə uduzub. Avropa Çempionatı 1996 seçmə mərhələsində isə Azərbaycan Rumıniyaya Buxarestdə 3-0, Polşaya isə 1-0 hesabı ilə məğlub olub.

994-cü 16 noyabrında millimiz İsrailə 2-0, 13 dekabrda isə Fransaya 2-0 uduzub. 29 martda Azərbaycan səfərdə Slovakiyaya 4-1 hesabı ilə məğlub olub. Həmin matçda millinin yeganə qolunu Nazim Süleymanov vurmuşdu. Daha sonra eyni hesab ilə Trabzonda Rumıniyaya məğlub oldu.

Təhlükəsizlik səbəbilə 1994-cü ildəki matçlar Trabzonda təşkil olunmuşdu. 1994-cü il 6 sentyabrda isə Fransada Ağasəlim Mircavadov son oyununa çıxdı. Bu oyunda Fransa Azərbaycanı 10:0 hesabı ilə məğlubiyyətə uğratdı. Bu oyundan sonra 10 oyun, 10 məğlubiyyət ilə Ağasəlim Mircavadov komandadan ayrıldı.

Fransa ilə matç Azərbaycan futbol tarixində ən böyük məğlubiyyət idi və yerli KİV-lər tərəfindən "Oser faciəsi" adlandırıldı. Ağasəlim Mircavadovun istefasından sonra milliyə Kazbek Tuayev gətirildi.

1996-cı ilin avqust ayında, milli seçmə mərhələlərdə İsveçrəni 1-0 məğlub edərək, tarixinin ilk rəsmi qələbəsini qazanmışdı.Tuayev 1997-ci ilədək millinin baş məşqçi postunda oldu. 1997-1998-ci illərdə baş məşqçi vəzifəsini Vaqif Sadıqov icra etdi.

Ondan sonra milliyə gətirilən Əhməd Ələsgərovun rəhbərliyi altında, 1999-cu ilin iyunun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan Lixtenşteyn yığmasını 4:0 məğlub etmişdi.

Bu nəticə millinin 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə ilk və hələ ki ən böyük hesablı qələbəsidir. 2000-2001-ci illərdə İqor Ponomaryov, 2002-2004 V.Sadıqov millinin baş məşqçisi oldu.

2003-2004-cü illərdə Əsgər Abdullayev Azərbaycan yığmasını çalışdırmağa başladı. Avro-2004-ün seçmə mərhələsində Serbiya və Çernoqoriya yığmasından 2 oyunda 3 xal aldıq.

Nəticədə bu komandanı UEFA Avropa Kuboku 2004-ə gedə bilmədi. Əsgər Abdullayev Azərbaycanın milli futbol komandasına rəhbərlik etdiyi dövrdə səfərdə ilk dəfə xal qazanmışdı.

2004-cü ilin fevral ayında Karlos Alberto Torres Azərbaycan milli futbol komandasının ilk əcnəbi məşqçisi təyin olundu. Karlos Alberto Torresin başçılığı altında milli ilk oyununu İsrailə 6-0 uduzdu.

2004-cü ilin aprelində Qazaxıstan yığmasını yoldaşlıq oyununda 3:2 hesabı ilə məğlub edib, səfərdə ilk qələbəsini qazandı. 2005-ci ildə Azərbaycan milli futbol komandasının baş məşqçisi Şahin Diniyev oldu.

Avropa çempionatı 2008-in final mərhələsinə çıxmaq uğrunda mübarizə aparan yığma son iki oyunda Portuqaliya və Serbiya komandalarına məğlub olduqdan sonra baş məşqçi Şahin Diniyev istefa verdiyini bəyan etmişdi. Lakin AFFA onun istefasını qəbul etməyərək, Diniyevdən yığmanı seçmə mərhələnin son iki oyununa da çıxarmağı xahiş etmişdi.

Diniyevdən sonra Azərbaycan milli futbol komandasını müvəqqəti olaraq makedoniyalı Qyoko Haciyevski, daha sonra Nazim Süleymanov çalışdırdı. 2008-ci ilin mart ayında AFFA İcraiyyə Komitəsinin qərarı ilə Berti Foqts Azərbaycan millisinin baş məşqçisi təyin olundu.

Foqtsun müqaviləsinə görə, o, ayda 95 min avro qazanmalı idi. 7 iyun 2009-cu ildə 0-1 hesabı ilə başa çatan Azərbaycan-Uels qarşılaşmasında azarkeşlər Foqtsu istefaya səsləmiş, mətbuat konfransı zamanı isə Foqts fikir bildirməyə başlayanda jurnalistlər zalı tərk etmişdilər.

Bundan 2 gün sonra Foqtsun rəhbərliyi altında İspaniyaya 0-6 hesabı ilə uduzaraq Azərbaycan millisi ev oyunlarında ən böyük hesablı məğlubiyyətlə üzləşdi. Berti Foqtsun rəhbərliyi altında Lixtenşteynlə qarşılaşmada Azərbaycan millisi rəsmi oyunlarda ilk səfər qələbəsini qazanıb - 2:0.

Həmin ildə rəsmi qələbə isə dünya və Avropa çempionatının bürünc mükafatçısı Türkiyə yığması ilə Bakıdakı oyunda əldə edilib - 1:0. DÇ-2010-nun seçmə mərhələsində yığmamız səfərdə Rusiyaya 2:0 hesabı ilə məğlub olub.

Ümumiyyətlə, 2008-ci ildə Foqtsun rəhbərliyi altında millimiz 9 oyun keçirib. Onlardan 2-də qələbə, 3-də heç-heçə, 4-də isə məğlubiyyət yaşanıb. Top fərqi 6-8 olub. 2009-cu ildə 13 oyun keçirilib ki, onlardan da 2-də qələbə, 3-də heç-heçə, qalanında məğlubiyyət qeydə alınıb. Top fərqi 8-23-ə olub.

2010-cu ildə isı 10 oyun, 3 qələbə, eyni sayda heç-heçə, qalan oyunlarda isə məğlubiyyət yaşanılıb. Toplam: 32 oyun, 7 qələbə, 9 heç-heçə, 16 məğlubiyyət. Top fərqi: 23-48. Berti Foqts Azərbaycan millisini ən çox oyuna çıxaran baş məşqçidir.

2014-cü ilin iyul ayında ilk dəfə Azərbaycan milli futbol komandası FİFA reytinqində 73-cü pilləyə yüksəldi və 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatına seçmə mərhələsində 9 xal topladı.

Berti Foqts Millinin oyun quruculuğunda problemləri həll edə bilməməsi, yanlış taktiki seçimi və komandanın zəif rəqiblərə uduzması, yerli KİV-lər və azarkeşlər tərəfindən boykot və kəskin tənqidə tutulurdu. 2014-cü ildə o, istefaya göndərildi.

Onun yerinə bir müddətlik Mahmud Qurbanov gətirildi. Qurbanovun ilk və yeganə oyunu 16 noyabrda Norveçə qarşı idi. Həmin oyunda Milli 1-0 məğlub oldu. Daha sonra Azərbaycan millisinə xorvatiyalı mütəxəssis Robert Prosineçki gətirildi.

Robert Prosineçki Azərbaycan millisini ilk dəfə meydana 28 mart 2015-ci ildə Malta millisinə qarşı oyunda çıxartdı. Həmin oyunda Azərbaycan millisi Cavid Hüseynov və Dimitri Nazarovun qolları ilə 2-0 rəqibini məğlub etdi.

Azərbaycan millisi 2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinin C qrupunda 5-ci oldu. Həmin il yalnız hesabına xal yazdıra bilməyən San Marinonu arxada qoyduq.

Lakin Prosineçki həm futbolçular, həm azarkeşlər tərəfindən sevilirdi. Hətta bu il onun yenidən milliyə gətirilməsi gündəmdə idi. 2017-ci il noyabrın 3-də Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

2018-ci ildə Milli UEFA Millətlər Liqasının D diviziyasının qrupunu 2-ci yerdə başa vurub. 2018-ci il dekabrın 8-də Qurban Qurbanov milli komandadan istefa verib. 2019-cu il fevralın 11-də Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

2019-cu il dekabrın 13-də yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını uğursuz hesab edən AFFA müqavilə müddəti fevrala qədər olan xorvatiyalı mütəxəssisi istefaya göndərib. Qeyd edək ki, seçmə mərhələdə millimiz yalnız 1 xal (Xorvatiya ilə ev oyunu,

Təmkin Xəlilzadə) toplaya bilmişdi. Qeyd etməliyik ki, hazırda millimizin baş məşqçi postu boşdur. Millinin müstəqllik dönəmində xırda uğurları olsa da, böyük nailiyyətlər qazanmayıb.

Bu da yazının əvvəlində qeyd etdiyimiz kimi, həm komanda üzvlərindən, eləcə də baş məşqçidən asılı olan məsələdir. Digər problemimiz yerli baş məşqçilərə daha az şans verilməsidir.

Digər Xəbərlər
Xəbər Lenti