
Geridə qalmaqda olan mart ayı yığma komandalarımız üçün olduqca hərəkətli keçib.
Sportinfo.az xəbər verir ki, millilərimizin yeni çalışdırıcıları iş başında olublar.
Əsas millimizlə yanaşı, U-19 və U-17 yoxlama görüşlərində qüvvəsini sınayıbsa, U-21 Avropa çempionatının seçmə mərhələsi, 17 yaşadək qızlardan ibarət komanda isə Avropa çempionatının elit-raund mərhələsi çərçivəsində matçlarda iştirak ediblər. Ancaq qeydə alınan nəticələr heç də gələcəyə nikbin baxmağa ümid vermir.
Millilər arasında ən yaxşı nəticəni əsas komanda göstərib. Əvvəlcə Bakıda Belarusa məğlub olan (0:1) Qurban Qurbanovun kollektivi martın 27-də Antalyada Makedoniya ilə qollu heç-heçəyə (1:1) imza atıb.
Təlim-məşq toplanışını Bakıda keçirən U-19 rusiyalı həmyaşıdları ilə 3 gün ərzində iki dəfə üz-üzə gəlib. Vüqar Məmmədin yetirmələri bərabərlik bir tərəfə, şimal qonşularımızın qapısına heç yol da tapa bilməyib. Komandamız 0:4 və 0:1 hesablı məğlubiyyətlər sayəsində rusları vətənlərinə yüksək əhval-ruhiyyədə yola salıb.
Nəticəsi gizlədilən U-17 də Antalyanın yolunu tutmuşdu. Ramin Quliyevin yetirmələri 6 günlük toplanış çərçivəsində yerli komandalarla matçlarda qüvvələrini sınayıblar. Əvvəlcə “Alanyaspor”un U-19 komandasına 0:2 hesabı ilə yenilən yeniyetmə futbolçularımız “Antalyaspor”lu həmyaşıdları ilə də bacarmayıblar – 2:4.
Rəşad Sadıqovun çalışdırdığı U-21 martda seçmə qrup mərhələsində iki səfər görüşünə çıxıb. Ayın 22-də Kosovonun qonağı olan gənclərimiz çərçivəyə zərbə vura bilmədiyi qarşılaşmada qapısında 2 top görüb, böyükhesablı məğlubiyyətdən qurtulub. Daha güclü İrlandiya ilə oyun da eyni ssenari üzrə keçib. Yeganə fərq komandamızın bu dəfə son dəqiqə qolu ilə bərabərliyi əldən verməsi olub – 0:1.
Avropa çempionatının elit-raundunun 7-ci qrupunda mübarizə aparan 17 yaşadək qızlardan ibarət yığmamız da oğlanlardan geri qalmayıb. Almaniyadakı görüşlər qızlarımızın ardıcıl məğlubiyyətləri ilə yadda qalıb.
Siyasət Əsgərovun kollektivi 3 matçda cəmi 1 qol vurmaqla öyünə bilər. Əvvəlcə yerli Almaniyaya 0:5, ardından isə İrlandiyaya 0:1 hesabı ilə uduzan qızlar İslandiya ilə son oyunda 1 qol vursa da, rəqib bunun əvəzini 3 topla çıxıb - 1:3.
Beləliklə, millilərimiz martda ümumilikdə 11 matçda iştirak ediblər. 10 məğlubiyyətin fonunda əsas yığmamızın 1 heç-heçəsi təsəllidi. Bu 11 görüşün 8-də rəqib qapılarına yol tapmaq mümkün olmayıb. Əvəzində bütün qarşılaşmalarda qolkiperlərimiz topu tordan çıxarmaq məcburiyyətində qalıblar. Vurulan 4 topun müqabilində rəqiblərə 25 qola sevinmək imkanı yaradılıb (apasport.az).