“Çox çətin rəqiblər bizə düşüb.
Reallıq budur ki, qələbə qazana biləcəymiz yeganə komanda Estoniya millisidir”.
Bunu Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın müdafiəçisi Adil Nağıyev yığmanın AÇ-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə düşdüyü qrupu dəyərləndirərkən dilə gətirib.
Milli komandanın sabiq üzvü bütün çətinliyə rəğmən futbolçulardan layiqli mübarizə aparmağı gözlədiyini bildirib:
“Düzdür, indiki dövrdə hər bir komandaya qarşı layiqli oynamaq olar. Amma istər Belçika, istər Avstriya və İsveçin heyətində "Top-5" ölkələrdən futbolçular var.
İnanırıq ki, milli komandamız bu rəqiblərlə oyunda yaxşı oyunla bizləri sevindirəcək”.
Canni De Byazi milli komandamıza yeni təyinat alanda Adil Nağıyevə də dəvət göndərirdi. Amma uzun müddətdir o, italiyalı mütəxəssisin yadına düşmür.
Maraqlıdır, təcrübəli oyunçu bunu nə ilə əlaqələndirir:
“Hər oyun meydanda komandam üçün əlimdən gələni edirəm. Həm də öz inkişafım üçün çalışıram.
Təbii ki, milli komandada oynamağı, orda olmağı çox istəyirəm. Lakin buna qərar verəcək şəxs baş məşqçidir.
Çağırsa da, çağırmasa da, sağ olsun. Mən də qarşıdakı dönəmlərdə daha çox çalışacam ki, gələcəkdə mənə dəvət gəlsin”.
XANOĞLAN

