“Canni de Byazi AFFA rəhbərliyinə onlayn formatda hesabat verdi.
Daha sonra kamera qapadıldı və İcraiyyə Komitəsinin (İK) üzvləri arasında müzakirə aparıldı.
Postunda qalması ilə bağlı qərar veriləndə, o, artıq bizimlə deyildi. Ona görə də növbəti seçmə mərhələdəki hədəf haqda danışmadıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın vitse-prezidenti, İK-nın üzvü, Məşqçilər Komitəsin sədri Vaqif Sadıqov deyib.
Komitə üzvünün sözlərindən məlum olur ki, qurum rəhbərliyi italiyalı çalışdırıcının qarşısına şərt qoymadan onunla yeni müqavilənin bağlanmasını qərara alıb.
Yəni sabah Canni de Byazinin rəhbərlik etdiyi komanda qrupda xal toplamadan mübarizəni sonuncu pillədə başa vursa, hesabat verməsinə gərək qalmayacaq. Çünki adamın qarşısında hədəf, məqsəd dayanmır.
Amma yox.
Sən demə, təcrübəli mütəxəssis Bakıya qayıdandan sonra bu məsələ ilə bağlı onunla üzbəüz söhbət olacaq. Daha doğrusu, İK-nın növbəti iclasında. Hər halda Vaqif bəy belə deyir:
“Dediyiniz məsələ İK-nın növbəti iclasında gündəmə gətiriləcək və müzakirə olunacaq. O ki qaldı hədəfə, hər birimiz uğurlu nəticələrin qazanılmasını istəyirik.
İndiyə qədər Avropa çempionatının seçmə mərhələlərində 4-cü pillədən yuxarı qalxa bilməmişik.
Yığmanın son oyunları üzümüzü güldürdü və gördük ki, bu komanda ilə nəticə qazanmaq mümkündür. Ona görə də komandanın və baş məşqçinin qarşısına hədəf qoyulmalıdır.
Subyektiv fikrim belədir ki, bugünkü komanda indiyə qədərki ən uğurlu nəticəni təkrarlamağa, hətta ondan da yaxşısını etməyə qadirdir.
Bu dəqiqə ən böyük arzum millimizin pley-offa vəsiqə qazanmasıdır. Şansımız, azdır ya çox – bu, başqa söhbətin mövzusudur. Çünki pley-offda yer alan komandalar dişimizə uyğun rəqiblərdir. Yenə deyirəm, arzumdur”.
HƏBİB

