Azərbaycan millisindəki italyanların sayı get-gedə azalır.
2020-ci ildə AFFA ilə müqavilə bağlayan vaxt ölkəmizə özü ilə 4 həmyerlisini gətirən Canni de Byazinin çox keçmədən Klaudio Beluççi, ardınca Benito Karbone ilə yolları ayrıldı.
Bir neçə gün öncə isə Fabio Qallo Azərbaycanda getmək qərarını verib və bu haqda baş məşqçini məlumatlandırıb.
52 yaşlı mütəxəssis öz ölkəsinin C Seriyasında mübarizə aparan “Foccia”da baş məşqçi olmağı Azərbaycan yığmasında köməkçi-məşqçi olmaqdan üstün tutub. De Byazi həmyerlisinə uğurlar arzulayıb.
Sportinfo.az xəbər verir ki, Qallonun boşaltığı yeri hansısa əcnəbi yox, məhz azərbaycanlı tutacaq. İcraiyyə Komitəsinin üzvləri məsələ ilə bağlı AFFA prezidentini məlumatlandırdıqdan sonra Rövnəq Abdullayev təklifi dəstəklədiyini deyib.
Abdullayev lazım olarsa, 1 yox, 2 azərbaycanlı məşqçi ilə müqavilə bağlanmasının mümkünlüyünü qeyd edib.
Köməkçi ilə bağlı baş məşqçi verəcək. Sinyor Canniyə namizədlər təklif olunacaq, o isə bir neçə adın arasında öz seçimini edəcək.
Yox, artıq özü üçün hansısa namizədi dəqiqləşdiribsə, bu işdə heç kim ona mane olmayacaq. De Byazinin bu ayın sonuna qədər seçimini edəcəyi gözlənilir.
Maraq üçün bildirək ki, hazırda millinin məşqçilər korpusunda iki azərbaycanlı – Arif Əsədovla Kamran Ağayev çalışır.
HƏBİB / SPORTİNFO.AZ

