AFFA qarşıdakı bir ili də Azərbaycan millisini Canni De Byaziyə tapşırdı.
Hələ ki, verilən qərarın ciddi bir izahı, açıqlaması qarşımıza çıxmayıb. Heç yeni hədəflərdən də söz açan yoxdur.
Böyük əksəriyyət birağızdan əcnəbi mütəxəssisin milli komanda ilə davam etməsini qınadı. Qərarı yalnış hesab etdi. Hətta qərara kimi olan bir neçə gündə də əks qərar verilməsinin doğruluğu önə çəkildi.
Amma futbolumuza cavabdeh olan qurum futbol ictimaiyyətinin bu yanaşmasını heçə sayaraq öz bildiyinin dalınca getdi.
Nədi-nədi milli komanda De Byazinin rəhbərliyi altında son 3 görüşü udubmuş. Və bu da onlara və əlaltılarına bəhanə vermiş oldu ki, sevimli əcnəbi məşqçi sevdasına davam etsinlər.
Son qələbələrin əhəmiyyətsiz olduğunu biz dedik, elə biz də eşitdik. Olsun...
Amma bu dəfə biz yox, FİFA həmin qələbələrin nə qədər mənasız olmasını əyani göstərmiş olub.
Belə ki, bu gün dünya futboluna cavabdeh qurum milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Azərbaycan yığması ötən reytinq cədvəli ilə müqayisədə bu dəfə 5 pillə irəlliləyib.
Ötən siyahıda 128-ci yerdə qərar tutan yığmamız bu dəfə 123-cü pilləyə kimi qalxıb.
5 pillə bir kənara, federasiya rəsmilərinin bəh-bəhlə ictimaiyyətə təqdim elədikləri həmin 3 qələbənin sayəsində arxada qoyduğumuz rəqiblər bilirsiz kimlərdi?
Malavi, Zimbabve, Qambiya, Toqo və Komorlar yığması.
Elə təkcə bu fakt bəs edirdi ki, De Byazinin biletini alıb, vətəninə yola salsınlar!
XANOĞLAN / SPORTİNFO.AZ

