Millinin növbəti biabırçılığı kimin marağındadır? – Məkrli planın pərdəarxası

6 Oktyabr 2022 09:40 Milli komanda 1 297
Millinin növbəti biabırçılığı kimin marağındadır? – Məkrli planın pərdəarxası

2020-ci ilin baharında millinin baş məşqçi postuna gətirilən Canni De Byazi minimum daha ilyarım Azərbaycanda qalacaq.

AFFA İcraiyyə Komitəsi italyanla müqaviləni üçüncü müddətə uzatmağa qol qoydu.

Bu müddətdə iki dəfə UEFA Millətlər Liqasında, bir də dünya çempionatı-2022-nin səçmə mərhələsində uğursuz nəticələrə imza atan millimiz AVRO-2024-ün seçmə mərhələsinə də onunla başlayacaq.

65 yaşlı apenninli burada saxlamaq fikri AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədova məxsusdur.

Maydan bu yana FİFA-nın Paris ofisində çalışsa da, o, günü bu gün də istər AFFA, istərsə də Peşəkar Futbol Liqası üzərində nəzarəti öz əlində saxlamaqdadır.

Federasiyanın baş katibi Sərxan Hacıyev də, PFL-in yeni prezidenti Elxan Səmədov da birbaşa ona bağlı kadrdır. Əksini iddia edənlər ya özlərini axmaq yerinə qoyan şəxslərdir, ya da ki, həqiqətən «arxa bağça»dakı proseslərdən biqafildir.

İcraiyyə Komitəsi E.Məmmədovun tapşırıqları üzərindən hərəkət edir və burada bir Allah qulu onun tapşırığından kənara çıxa və sözünü yerə sala bilməz.

E.Məmmədov D Byazini vəzifəsində saxlamaqla, əslində, əzələ nümayişi həyata keçirir. Təbii, bunda da öz maraqları və uzunmüddətli strateji planları var.

Çox gözəl bilir ki, italyan qarşıdakı Avropa çempionatının ələmələrində hansısa nailiyyət əldə etməyəcək. Adama elə bu lazımdır. Elxan Məmmədov istəmir ki, AFFA-dan gedişindən sonra milli xırda bir müvəffəqiyyət qazansın.

Uğursuzluqların davamının gəlməsini arzulayır ki, komandanın bunaqədərki fiaskosunun baiskarları arasında özünün yer almamasına dair rəy formalaşdırsın.

Yəni, sabah desin ki, bax gördüz, mən AFFA-dan getmişəm, ancaq milli yenə zəif nəticələr göstərir. Elxan Məmmədov 14 ildən artıq müddətdə futbolun anasını ağlatsa da, bəli, siyasətdə dərsindən «beş»dir.

Rövnəq Abdullayev AFFA-nın prezidenti postunda qalmaqda davam edir. Faktiki olaraq isə səlahiyyətlərindən yararlanmır.

O, sadəcə, federasiyadan ayrılmaqla bağlı veriləcək qərarı gözləyir. Həmin qərar ona çatdırılandan 1 dəqiqə sonra istefa ərizəsini yazıb stolun üstünə qoyacaq və gedəcək.

Hərçənd səlahiyyət müddətinin bitməsinə hələ 2 il qalıb. Neçə ildir AFFA-nı E.Məmmədovun sərəncamına vermiş R.Abdullayev bu gün də Parisdən verilən məsləhətləri dinləməklə məşğuldur və heç nəyə qarışmır.

AFFA prezidentinin futboldankənar daha ciddi işləri var və onların həlli onun üçün daha vacibdir.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti