Qurban Qurbanovdan sonra… Azərbaycan futbolu bu günləri də gördü

4 Oktyabr 2022 17:20 Milli komanda 3 187
Qurban Qurbanovdan sonra…  Azərbaycan futbolu bu günləri də gördü

Azərbaycan yığması Millətlər Liqasının sonuncu oyununda Qazaxıstan seçməsini darmadağın etməyi bacardı – 3:0.

Qrupda xal ehtiyatını 10-a yüksəldən Canni de Byazinin yetirmələri təəssüf ki, növbəti mərhələyə adlamaq tapşırığının öhdəsindən gələ bilmədi.

Qazaxıstanla qarşılaşmanın ləzzəti təkcə komandamızın əldə etdiyi böyük hesablı qalibiyyət deyildi. Məhz bu qələbə millimizə ilklər gətirdi.

Bu, bizimkilərin 2007-ci ildən bu yana qazaxlarla 8-ci dueli idi ki, indiyə qədər 4 dəfə məğlub olub, 1 dəfə qələbəyə sevinmişdik.

Digər 2 oyun isə heç-heçə başa çatmışdı. Qazaxıstan üzərindəki yeganə qələbəmiz 11 il əvvələ təsadüf etmişdi. 2011-ci ilin sentyabrın 6-da seçməmiz Tofiq Bəhramov adına Respublika stadionunda rəqibini 3:2 hesabı ilə udmuşdu.

Həmin tarixdən sonra 2-si yoldaşlıq matçında, 1-i cari Millətlər Liqanda olmaqla 3 qarşılaşmanın hər birində yığmamız yenilmişdi.

Qəbələnin başqa bir gözəlliyi Azərbaycan millisinin tarixində qeydə alınan ilk idi. Belə ki, müstəqillik tarixində 1992-ci ildən meydana çıxan yığma indiyə qədər seçmə mərhələlərin heç birində ardıcıl 3 dəfə qələbə sevinci yaşamamışdı.

Bu dəfə qrupdakı hər 3 rəqibini məğlub edən ölkənin bir nömrəli futbol komandası ilkə imza atmış oldu.

Başqa bir maraqlı məqam Azərbaycan yığmasının uzun illərdən sonra rəsmi görüşdə böyük hesabla qalib gəlməsiydi.

Sonuncu belə parlaq qələbə 4 il əvvələ - milliyə Qurban Qurbanovun rəhbərlik etdiyi dönəmə təsadüf etmişdi.

Həmin vaxt Millətlər Liqasında mübarizə aparan komandamız 2018-ci ilin oktyabrın 11-də səfərdə Farer adalarını məğlub etməyi bacarmışdı.

Yeri gəlmişkən, seçməmiz Farer adaları üzərindəki parlaq qalibiyyətdən sonra 30 rəsmi matça çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!