1 il əvvəl Fransa millisi, bu dəfə Azərbaycan yığması - FAKT

28 Sentyabr 2022 23:40 Milli komanda 2 254
1 il əvvəl Fransa millisi, bu dəfə Azərbaycan yığması - FAKT

Azərbaycan millisi Millətlər Liqasının son görüşündə qrupun lideri Qazaxıstanı meydana çıxmağa peşman etdi – 3:0.

Rəqibin Bakıya səfər edənə qədər tapşırığın öhdəsindən gəlməsi, 1 saat azlıqda oynaması, meydana nisbətən təcrübəsiz futbolçularla çıxması mütləq ki, darmadağında öz sözünü dedi.

Amma fakt faktlığında qalır ki, iki ölkənin yığmalarının tarixdəki 8-ci duelində bizimkilər ilk dəfə bu rəqibi üzərində böyük hesablı qalibiyyətə sevindi.

Bakıdakı hesab qazaxlar üçün da bir neçə seriyanın qırılmasına səbəb oldu.

Məsələn, Qazaxıstan seçməsi xeyli vaxt idi səfər oyunlarında uduzmurdu. Sonuncu dəfə səfər məğlubiyyətinə düz 1 il əvvəl – Helsinkidə, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Finlandiya ilə baş tutan qarşılaşmada üzülmüşdülər – 0:1.

O vaxtdan bu yana səfərdə Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdikləri 5 görüşün heç birində uduzmamışdılar.

Qazaxların sonuncu böyük hesablı məğlubiyyəti isə DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Fransaya qarşı matçda olmuşdu – 0:8.

Ötən ilin noyabrında baş verən hadisədən nəticə çıxaran Maqomed Adıyevin yetirmələri o vaxtdan bu yana meydana çıxdığı 8 oyunun heç birində böyük hesabla uduzmamışdı.

Fransanın ardınca bu dəhşəti onlara Azərbaycan seçməsi yaşatdı.

Eyni qrupda yer alan Qazaxıstan və Azərbaycan millilərinin duelində daha çox (13) xal toplayan Xəzərin o tayındakı qonşularımız pley-offa vəsiqə qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!