Sportinfo.az 21 yaşlılardan ibarət yığmanın hücumçusu Musa Qurbanlının müsahibəsini təqdim edir:
- Səncə, Azərbaycan bu qrupda hazırda topladığından daha çox xal yığaraq, daha yuxarı pillələrdə ola bilərdi yoxsa, maksimumu budu komandanın?
- Biz qarşımıza hər zaman maksimum hədəf qoyuruq. Əgər nələrəsə nail olmaq istəyiriksə, qarşımıza yüksək məqsədlər qoyub bu yolda çalışmalıyıq. Hələ qarşıda iki oyunumuz var. Bura kimi də əlimizdən gələni etmişik. Ola bilər hardasa alınmadı, bəzən qismət olmadı, şanssızlıq baş verdi. Bəzən də oyunumuz alınmadı. Amma hər bir halda bizim üçün böyük təcrübə oldu. Ümid edirəm ki, qalan iki oyunumuzda nəticəmizi daha da yaxşılaşdırarıq..
- Daha bir il də U-21 yığmasında oynaya bilərsən. Yoxsa, artıq əsas millidə oynamaq haqda düşünürsən?
- Bu haqda nəsə deyə bilmərəm. Çünki bu tamamilə məşqçilərin qərarından asılıdı. Əlbəttə ki, əsas millimizdə oynamaq hər bir azərbaycanlı futbolçunun arzusudu. Mənim işim hər zaman çox çalışıb, daha da inkişaf etməkdi. Hələ çatışmazlıqlarım kifayət qədərdi, onların üzərində işləyəcəm. Çalışmağa davam edəcəm. İstər U-21, istərsə də əsas millimiz, harada olsam var gücümlə döyüşüb komandaya xeyir verməyə çalışacam.
- Bir ara Avstriyanın “Volfsberger” klubunun səninlə maraqlandığı barədə xəbərlər dolaşırdı mətbuatda. Yayda ölkə xaricinə yollanmaq ehtimalın var?
- Düzünü deyim, bu təklif haqda heç bir məlumatım yoxdu. Bildiyim qədərilə kluba da belə təklif gəlməyib. Mənim özümə də bu haqda hansısa məlumat verilməyib. Ona görə də bütün fikrim “Qarabağ”dadı.
- Əksər insanlar sənə həmişə dəstək olur, haqqında pozitiv düşünürlər. Hətta əsas milliyə kömək edə biləcəyini iddia edirlər. Sənə olan pozitiv yanaşma ilə bağlı fikrin necədi?
Sağolsunlar, dəstək olurlar, xoş münasibət göstərirlər. Əlbəttə ki, azarkeşlərdən isti münasibət görmək hər zaman xoşdu. Amma milliyə kömək edə biləcəm, ya yox, bunu zaman göstərəcək. Allah hər şeyin ən yaxşısını bilir (sportal.az).

