Azərbaycan millisi Millətlər Liqasının ikinci turunda da qələbə üzünə həsrət qaldı. Bu dəfə əsas milli Belarusla bacarmadı - 0:0.
Halbuki qrupdakı rəqiblər məlum olanda 3 xal gözü ilə baxdığımız ən münasib komanda Belarus idi. Onlarla da bacarmadıq.
Amma yığmanın baş məşqçisi Canni De Byazi belə biabırçılığa utanmaqdan, həya etməkdən, yeni nağıllar danışmaqla məşğuldur.
Hətta bir az ağır səslənsə də deyəcəm. Ki, bizləri öz aləmində ələ salmağa başlayıb.
Matçdan sonrakı açıqlamalarına hissə-hissə diqqət edək, siz də buna detallı şahid olun.
"Komandamın oyunundan çox razı qaldım".
Razı yox ha, çox razı qaldım. Bərəkallah, De Byazi müəllim. Bu razılıq nədən irəli gəlir, görəsən? Olmaya Şahruddin Məhhəmmədəliyevin millinin biabırçılıqdan qurtaran seyvlərinə həzz alıb, sevinirsən? Hər halda 90 dəqiqə matça baxan biri kimi deyə bilərəm ki, yığmamızın ifasında "çox yaxşı" deyə biləcəyimiz detal "Şah"ın seyvləri idi. Oyunumuzun isə bu təriflə yaxından-uzaqdan əlaqəsi yox idi.
Növbəti abzasa diqqət - "Artıq topla daha rahat oynayırıq, topu hara gəldi vurmuruq, qol imkanları yaradırıq".
Rəhmətliyin nəvəsi, sən Azərbaycan millisinə dünən gəlmisən? Yoxsa yığma komandanı hələ indi-indi tanıyırsan? Ötən yay sənə 10 aylıq şans veriləndə, qarşına qrup liderliyi hədəf kimi qoyulmuşdu. Sən isə iki tur arxada qalıb, xal saymaqdan meydanda futbolçularımızın top ötürmələrinin sayına "əhsən" deyirsən. Hara gəldi vurmuruq deyirsən. Vallah-billah hara gəldi vururuq. Hara gəldi vururuq ki, elə qol vura bilmirik də. Hara gəldi vurmasaydıq, tora vurardıq, qol olardı da.
O, ən sonda - "Komanda kimi inkişfa edirik" deyib.
Ay bala, kimlə? Karyerasın bitirməyə hazırlaşan Nazarovla, yoxsa "Qarabağ"ın məşqçi olmağı təklif etdiyi Almeyda ilə?
De Byaznin DEdiyi inkişaf - DE, budur?
XANOĞLAN İMANOV

