Azərbaycan millisinin çalışdırıcısı Canni De Byazinin ölkəmizə gəlişinin iki ili tamam olur.
Arxada qalan müddətdə italiyan çalışdırıcı 23 matçda millimizi meydana buraxıb. Həmin matçlar arasında Qətər, Latviya, Malta kimi zəif millilər də yer alıb.
Amma bircə dəfə təcrübəli mütəxəssisin matçlardan öncə iddialı, özünə əmin açıqlamalarına şahidlik etməmişik.
De Byazi sanki hər matçdan öncə artıq özü üçün tənqidlərdən qorunmaq yolunda "bəhanə çətri"n hazır edir. Gah rəqibin reytinq cədvəlində bizdən yuxarıda olması qabardılır, gah da bir zəif rəqib digər zəif rəqiblə müqayisə edir.
A kişi, belə anormallıq yoxdur e. Bu adam qocalıb belə danışır, yoxsa futbol ictimaiyyətin öz aləmində ələ salır?
Deməli, indi də Belarusla oyundan əvvəl deyib ki, qarşılaşacağımız rəqib Qazaxıstandan üstündür.
Ümumiyyətlə, bu adama sual verən oldu ki, kim kimdən güclüdür? Axı Qazaxıstan və ya Belarusdan hansının güclü olmasının bizim milliyə, baş məşqçisinə, azarkeşinə niyə lazımlı olmalıdır axı?
Bizlərə lazım olan həqiqət odur ki, hər iki milli də Azərbaycan yığmasından güclü deyil. Hər iki matçda da qalib gəlməyə borcluyuq.
Yarımcan heyətlə meydana çıxan qazaxlarla oyunda yaradılan 2-3 qol imkanın (heç yaradılmayıb, rəqib futbolçuların "səviyyəsi" şərait yaradıb) hər fürsətdə dilə gətirmək yox, acı, biabırçı və utancverici məğlubiyyətə görə heç olmasa üzr istəmək lazım idi.
Astanda üzrü unutdun, heç olmasa Belqrada qisasa söz verərdin. Təəssüf ki, buna da cəsarətin, qətiyyətin çatmadı, qoca italiyan!
XANOĞLAN İMANOV

