Dördüncü və ən BÖYÜK: Nə yaxşı ki, Estoniya var

5 İyun 2022 02:50 Milli komanda 915
Dördüncü və ən BÖYÜK: Nə yaxşı ki, Estoniya var

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatlarının seçmə mərhələlərində tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, yığmamız AVRO-2023-ün seçmə oyununda Estoniyanı səfərdə 5 cavabsız qolla üstələyib.

Bu yarışda 1994-cü ilin payızında debüt edən komandamız 28 ildə 4-cü dəfə böyük hesabla qalib gəlib. Əvvəlki üç uğuru üç top fərqi ilə və eyni hesabla – 3:0 ilə rəsmiləşən yığma tarixinin ən böyük hesabını bayram edib.

Bunadək bir matçda 5 qol vurmayan və 5 top fərqilə qalib gəlməyən millimiz Milan Obradoviçin rəhbərliyi altında səfərdə tarixi nəticəyə imza atıb.

Əvvəlki böyükhesablı qələbələrdən sonuncusu da elə eyni rəqiblə matça təsadüf edib. Bu ilin martında yığmamız qrupun autsayderi olan Estoniya Bakıda üç qolla qonaq edib.

Bir sözlə, qrupunda keçirdiyi bütün matçlarda qələbəsiz qalan iki komandanın şəxsi duelləri Obradoviçin yetirmələri üçün darmadağınlı təsəlliyə çevrilib.

Yığmamız özü üçün yeganə münasib rəqibə iki qarşılaşmada 8 cavabsız qol vurub.

Estoniyadakı uğur həm də səfərdəki ilk darmadağın olub.

Bunadək yalnız evdə təsadüfi nəticələrə sevinən komandamız 2014-cü il sentyabrın 3-də İsraili, 2015-ci il noyabrın 17-də Rusiyanı 3 cavabsız qolla üstələyib. Estoniya ilə ev qələbəsi isə martın 25-də qeydə alınıb.

8 oyundan sonra 7 xalı olan yığmamızın A qrupunda 5-ci yeri tutacağı rəsmiləşib. Millimiz sonuncu olan Estoniyanı 7 xal qabaqlayırsa 4-cü olan Avstriyadan 9 xal geridədir.

Bu isə o deməkdir ki, komandamız nə irəliləyə, nə geriləyə bilər (apasport.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti