Millinin futbolçuları üçün barışıq imkanı – Bundan gözəl şans?

2 İyun 2022 19:00 Milli komanda 1 082
Millinin futbolçuları üçün barışıq imkanı – Bundan gözəl şans?

Futbol ictimaiyyətinin diqqəti İcraiyyə Komitəsinin son qərarları ilə Ramil Şeydayevin məlum mesajına qarışdığı vaxtda Azərbaycan seçməsi Qazaxıstanla oyuna hazırlaşır

Ölkənin bir nömrəli komandasının topqovanları Millət Liqasının “siftə”sini Nur-Sultanda qazaxlara qarşı keçirəcək.

İllərdir azarkeşlərin əsəbləri ilə oynayan millinin Qazaxıstan, Slovakiya və Belarusla qarşılaşmalarda 18 xal toplayacağına ümid etməsək də, 6 matçdan 2 rəqəmli xal yığacağına ümid etmək haqqımız var.

Və ən əsası xalqı layiqli oyunla sevindirəcəklərinə bel bağlamağa dəyər.

Qazaxıstanla oyunun nəticəsi olduqca əhəmiyyətlidir. Yarışa qələbə ilə başlamaq Belarusla Serbiyadakı duelə müsbət təsirini göstərəcək.

Növbəti 2 matç isə həmin qazaxlarla Belarusa qarşı Bakıda baş tutacaq. Demək ki, liqanı əla nəticə ilə başa vurmaq üçün əlimizə əla imkan düşüb.

Dostlar, Qazaxıstandan çəkinməyə dəyməz. Əvvəlki Qazaxıstandan əsər-əlamət qalmayıb. Təkcə 2021-ci ilin əvvəlindən bu yana olan nəticələrinə baxanda hər şey məlum olur.

Xəzərin o tərəfindəki qonşularımız ötən ilin martından bu yana 12 oyun keçirib. Qazaxlar bu qədər görüşdən yalnız 2 qələbə ilə ayrılmağa nail olub.

Ötən ilin noyabrında yoldaşlıq görüşündə doğma azarkeşləri önündə Tacikistanı 1:0 hesabı ilə məğlub edib, bu ilin martında bir öncəki Millətlər Liqası çərçivəsində səfərdə Moldovanı məğlub edib – 2:1. Vəssalam!

12 oyunda rəqib qapılarına cəmi 8 dəfə yol tapan millimizin rəqibi öz qapısından 26 top çıxarmalı olub.

Məğlubiyyətlərin arasında Fransaya 0:8, Şimali Makedoniyaya 0:4 hesablı ağır yenilgilər var.

Yəqin ki, Qazaxıstanın son ilyarımdakı durumu haqda başqa nəsə yazmağa ehtiyac yoxdur. Nəticələr komandanın güzgüsüdür.

Düzdür, bizimkilərin vəziyyəti onlarınkından pisdir ki, yaxşı deyil. Amma söhbət istəkdən və hədəfdən, ən əsası azarkeşlərlə barışmaqdan gedirsə, qələbə mütləqdir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti