"Oyun gərgin və maraqlı keçəcək.
Bu komandalar arasındakı matçlar həmişə maraqlı və kifayət qədər gərgin alınır, hansısa tərəf üçün asan olmur".
Sportinfo.az xəbər verir ki, bunu Rusiyanın MOİK klubunun qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Qazaxıstan və Azərbaycan arasında keçiriləcək UEFA Millətlər Liqasının I tur oyunu barədə danışarkən deyib.
48 yaşlı mütəxəssis ilk görüşü səfərdə oynamağın daha yaxşı olduğunu bildirib. Azərbaycan millisinin keçmiş üzvü "Astana Arena"nın süni örtüyünün komanda üçün problem yaratmayacağını sözlərinə əlavə edib:
"Çünki Azərbaycanda keyfiyyətli süni örtüklü sahələr kifayət qədərdir. “Astana Arena”nın da süni örtüyü yaxşıdır.
Ona görə də uyğunlaşma baxımından, bəlkə ilk 20-25 dəqiqəyə alışmaq lazım gələcək, sonra hər şey qaydasına düşəcək. Hər iki komanda ilk oyuna optimal vəziyyətdə çıxacaq.
Hər ikisində səviyyəli oyunçular var. Nəticəni proqnozlaşdıra bilmərəm, amma mənə elə gəlir ki, şanslar bərabərdir.
Təbii ki, milli komandama - Azərbaycan yığmasına azarkeşlik edəcəyəm. Hər iki komandaya Millətlər Liqasında uğurlar arzulayıram".

