Milliyə çağrılmadı, arzusu puç oldu, bu sözləri dedi

23 May 2022 20:40 Milli komanda 1 451
Milliyə çağrılmadı, arzusu puç oldu, bu sözləri dedi

Canni de Byazi UEFA Millətlər Liqasında iştirak edəcək millinin ilkin hazırlıq mərhələsinə qatılacaq futbolçuların siyahısını təqdim edib.

Mayın 24-dən 27-nə qədər Bakıda təşkil olunacaq toplanışda 15 futbolçu yer alıb.

Mayın 29-da start götürəcək toplanışın növbəti mərhələsi üçün nəzərdə tutulan heyət bir neçə gün sonra ictimaiyyətə bildiriləcək.

Siyahıda yer alanların 5-i ölkə xaricində oynayanlardır, yerdə qalanları isə “Neftçi”, “Sabah”, “Səbail” və “Sumqayıt”ın uğurları üçün tər tökənlər.

Hazırlığın növbəti mərhələsində siyahıda “Qəbələ”dən kim(lər)in yer alacağını indidən demək çətindir.

İstənilən halda avrokuboklara vəsiqə qazanan komandanın bir neçə üzvü italiyalı çalışdırıcının sərəncamında olmağı haqq edib.

Onlardan biri də uğurlu mövsüm keçirən Murad Musayevdir. Bölgə təmsilçisinin “28 nömrə”si Sportinfo.az-a açıqlamasında yığma arzusunu dilə gətirib:

“Milli hamımızındır. Dövlətimizi, bayrağımızı, xalqımızı təmsil edən komandamıza indidən uğurlar arzu edirəm. Mən orada oldum, ya yox – fərq etmir. Təki nəticələrə baxıb sevinək.

O ki qaldı yığmanın sıralarında olmağımla bağlı sualınıza, açığı, dəvət alıb-almayacağımı bilmirəm. Çünki bu barədə mənə heç nə deyilməyib.

Millidə oynamaq hər bir futbolçu kimi mənim də arzumdur. Çağırsalar, meydanda canımı qoymağa hazıram, bacardığımın ən yaxşısını edərəm.

Çağırmasalar da, problem yoxdur, futbolumu oynamaqda davam edəcəyəm. Özümü hər zaman şanlı formanı geyinməyə hazır hiss edirəm”.

Murad Musayev cari mövsümdə “Qəbələ”nin heyətində çempionatda və kubokda meydana çıxdığı 30 oyunda 2 qolla yadda qalıb.

Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində iyunda 4 oyun keçirəcək. Ayın 3-də Qazaxıstanın, 6-da Belarusun qonağı olacaq, 10-da Bakıda Slovakiyanı, 13-də Belarusu qəbul edəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti