Millimizdən daha bir fiasko - Tarixində ilk dəfə Latviyaya uduzdu!

29 Mart 2022 16:51 Milli komanda 1 936
Millimizdən daha bir fiasko - Tarixində ilk dəfə Latviyaya uduzdu!

Maltada təlim-məşq toplanışında olan Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Latviya ilə üz-üzə gəlib.

Ta Qali şəhərindəki Milli Stadionda oynanılan qarşılaşma Azərbaycan seçməsinin minimal hesablı məğlubiyyəti ilə bitib - 0:1. İlk 10 dəqiqə rəqibin üstünlüyü ilə keçib. Daha sonra yığma az da olsa, təşəbbüsü ələ alıb.

17-ci dəqiqədə Qara Qarayevin cərimə meydançasının kənarından endirdiyi zərbədən sonra top qapı tirinə dəyib. 7 dəqiqə sonra isə Eddi İsrafilov hesabı açmağa yaxın olub.

Maksim Medvedevin ötürməsindən sonra yarımmüdafiəçinin başla endirdiyi zərbə qapının yanından keçib. 30-cü dəqiqədə Azərbaycan millisi azlıqda qalıb.

Qara Qarayev qapıçı Səlahət Ağayevlə təkbətək qalan Vladislav Qutkovskini yıxıb. Baş hakim Trustin Farruca Kann “sonuncu ümid folu”-na görə Qarayevə birbaşa qırmızı vərəqə göstərib.

Buna baxmayaraq, komandanın 38-ci dəqiqədəki hücumu da təhlükəli alınıb. Toral Bayramovun cərimə meydançasına ötürdüyü top rəqibin başına, daha sonra dirəyə dəyərək meydanı tərk edib.

54-cü dəqiqədə Canni De Byazi Dmitri Nazarovun yerinə Riçard Almaydanı meydana buraxıb. 70-ci dəqiqədə yığmanın hücumu təhlükəli alınıb.

Emin Mahmudovun cərimə meydançasından endirdiyi zərbənin qarşısını müdafiəçi Antoni Çernomordı kəsib. 73-cü dəqiqədə İsrafilovu Filip Ozobiç, Mahmudovu isə Coşqun Diniyev əvəzləyib.

79-cu dəqiqədə Abbas Hüseynov Maksim Medvedevin, Namik Ələskərov Renat Dadaşovun, Təmkin Xəlilzadə Toral Bayramovun yerinə meydana daxil olub.

Latvinin qolunu 85-ci dəqiqədə Vladislav Qutkovski vurub. 90-cı dəqiqədə rəqibin heyətində Kaspar Dubra ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+1-ci dəqiqədə Filip Ozobiçin cərimə zərbəsindən sonra qapıçı qola mane olub.

Komandalar arasında əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb.

Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt seçməsi ilə heç-heçə edib - 1:1.

Azərbaycan – Latviya 0:1

Qol: Vladislavs Qutkovskis, 85
Qırmızı vərəqəlar: Qara Qarayev, 30 - Kaspars Dubra, 90
Baş hakim: Trustin Farrucia Kann (Malta)
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Dmitri Nazarov, 14. Eddi İsrafilov, 17. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Nicat Mehbalıyev, 7. Namik Ələskərov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Amin Seydiyev, 16. Coşqun Diniyev, 18. Filip Ozobiç, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Ağabala Ramazanov, 22. Aleksey İsayev
Baş məşqçi: Canni de Byazi
Latviya: 1. Pavel Şteynbors, 2. Vladislav Sorokins, 4. Kaspars Dubra, 5. Antoniys Çernomordiys (k), 6. Kristers Tobers, 9. Vladislavs Qutkovskis, 11. Roberts Savalnieks, 14. Andreys Ciqaņiks, 17. Renars Varslavans, 19. Raymonds Krollis, 22. Alekseys Savelyevs
Ehtiyat oyunçular: 12. Roberts Ozols, 23. Rixards Matreviçs, 7. Vladimirs Kamess, 8. Eduards Emsis, 10. Yanis İkaunieks, 13. Emils Birka, 15. Vladislavs Fyodorovs, 16. Alvis Yaunzems, 18. İqors Tarasovs, 20. Daniels Balodis, 21. İlias Korotkovs
Baş məşqçi: Daynis Kazakeviçs
Ta Qali. Milli stadion

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti