«İndi demək olar hər kəs millini – məşqçiləri və futbolçuları kəskin tənqid edir. Mən bunu çıxış yolu saymıram».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq müdafiəçisi Ramiz Məmmədov deyib.
Ölkənin əsas komandasının Malta ilə yoxlama matçında (0:1) məğlubiyyətlə üzləşməsi ciddi tənqidlərə gətirib çıxarıb. FİFA-nın reytinq cədvəlində Azərbaycandan xeyli geridə olşan rəqibə yenilgi istər baş məşqçi Canni De Byazini, istərsə də AFFA rəhbərliyini hədəfə çevirib.
Media və sosial şəbəkələr bu mövzunu gündəmdə salamaqda davıam edir, azarkeşlər isə həm italiyalını, həm də onu iş başında saxlayan federasiya mənsublarını istefaya səsləyir.
Uzun illər millinin formasını geyinmiş R.Məmmədov isə hesab edir ki, bu, indiki məqamda çıxış yolu deyil:
«İyunda UEFA Millətlər Liqasının yeni mövsümünə start veriləcək. Vaxt azdır. Belə bir vaxtda baş məşqçinin getməsi ilə heç nə düzəlməyəcək.
De Byazi iki ildir buradadır və nəticə qazana bilməyib. Güclü məşqçi olmadığını millinin oyunundan və nəticələrdən görürük.
Nə olsun ki, Albaniya onun vaxtında Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb? Bu, əsas göstərici kimi göstərilə bilməz.
De Byazi oradan gedəndən sonra heç yerdə işləməyib. Üç il təklifi olmayıb, sonda Azərbaycana gəlmək məcburiyyətində qalıb.
Problem ondadır ki, AFFA-nın ondan başqa əcnəbi baş məşqçi gətirməyə vaxtı qalmamışdı. Dünya çempionatının seçmə mərhələsi ilə UEFA Millətlər Liqası arasında 10 aylıq müddət var idi və yadın məsələdir ki, yeni gələn xarici məşqçi qısammüdətli müqavilə imzalamayacaqdı.
Ən azı, iki-üç illik müqavilə tələb edəcəkdi. AFFA millini yerli məşqçilərə tapşırmaq istəmədi, əcnəbi variantı üzərində dayandı.
Vaxt və tanışlıq baxımından götürsək, De Byazinin qalması belədə daha düzgün idi. Yenə, heç olmasa, o, Azərbaycan futboluna az-çox bələddir.
Bu gün, onsuz da, milli problemlərin içindədir. De Byazinin əlində UEFA kontraktı var, öz xoşuyla getməyəcək. AFFA onu vaxtından əvvəl istefaya göndərsə, deyəcək ki, pulumu verin.
De Byazi görür ki, hamı ondan narazıdır, özünü itirib. Onu ayıltmaq, düzgün yolu başa salmaq lazımdır. Malta ilə yoxlama oyununda nəticə qazanmaq istəyirdi, amma bunu necə əldə edəcəyini bilmədi.
Heyətdə üstünlüyü orta sahə oyunçularına verdi, oyun da getmədi. De Byazi toplanışa çağırdığı futbolçuların adarını açıqlayanda, demişdi ki, təcrübəlilərə ehtiyac var.
Amma dediyi kimi etmədi. Doğrudan da, təcrübəli futbolçuların komandaya xeyir verəcəyini düşünürdüsə, niyə onlara az şans verdi?
Onları çağırdı, yarısını ehtiyatda saxladı, yarısını da 5-10 dəqiqə oynatdı. Belə də ki, millinin Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov kimi istifadə müddəti bitmiş «materiallar»a nə ehtiyacı var?
Biz görmüşük ki, milli yoxlama oyunlarını gənclərə, yeni gələnlərə təcrübə qazandırmaq üçün keçirər, müxtəlif taktiki sxemlər yoxlanılar.
Burada əsas oyunun özü götürülər, nəticə ikinci planda qalar. De Byazi nə onu edə bildi, nə də bunu.
Ona demək lazımdır ki, səhv yoldadır, tükənmiş futbolçuları yoxlamaqla nəsə əldə etməyəcək. Renat Dadaşov, İsmayıl İbrahimli kimi gənclərə meydan vermək lazımdır, milliyə Filip Ozobiç lazımdır?
Bizim vaxtımızda milliyə çağırılmaq istənilən futbolçunun karyerasının zirvəsi sayılırdı.
İndi isə milli futbolçuların hansısa kluba getməsi üçün sadəcə, tramplinə dönüb. Oyuna və ora çağırılan bəzi futbolçulara baxıram, milliyə ürəyim ağrıyır».

