Sportinfo.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç Sumqayıtda Estoniya millisinə 3:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunundan sonra mətbuat konfransı keçirib.
- Hamınızı Novruz bayramı münasibətilə təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Çox yaxşı dəstək oldular bizə. Lazım olan enerjini bizə verdilər. Futbolçularımı təbrik edirəm. Məşqlərdə verdiyim tapşırıqları yerinə yetirməyə çalışırdılar. Nəticədə qalib gəldik və buna layiq idik. Estoniyanı yaxşı analiz etmişdik. Rəqibdən bu cür oyun gözləyirdik. Xüsusən də ilk yarıda. Səbrli olub, öz epizodlarımızı gözləyib, qol vurmalı idik.
- Hesab 2:0 olandan sonra rəqibə 2 qol imkanı verdik. Bu, futbolçuların arxayınlaşmasından irəli gəlirdi, yoxsa rəqib təzyiq yaratdı deyə belə alındı?
- Qətiyyən arxayınçılıq olmadı. Fasilədə də onlara tapşırıq vermişdim. Rəqibin oyun stilini bilirdik. Əsas odur ki, oyunumuzda təşviş yox idi.
- Qola qədər real imkanları əldən vermişdiniz. Həmin an nə düşünürdünüz?
- Gözləyirdim ki, fasilə olsun və futbolçulara lazımı tapşırıqları verim. Məhz bu cür oyunlarda tez qol vurmalısan ki, boş zonalar tapasan. Daha tez qol vursaydıq, daha rahat oynayardıq.
- Həmişə deyirsiz ki, əsas işimiz A milliyə oyunçu verməkdi. Amma uğursuz nəticələrə görə sizi qınayırlar. Bu haqda nə düşünürsünüz?
- Komanda udanda futbolçular bunu haqq etmiş olurlar. Komanda uduzursa, məsuliyyətimi üzərimə götürürəm. Tənqidlərə normal yanaşıram. Bu, işimin bir hissəsidi. Oyunçularımı tənqid edəndə isə bunu qəbul etmirəm. Çünki onlar çox çalışırlar.
- Musa Qurbanlının ən üstün cəhətləri hansıdı?
- Çoxdu. Üç il bundan qabaq bura gələndə Musa mənimlə birlikdəydi. O, həmişə çalışır ki, komandaya xeyir versin, qol vursun. Pozitiv və yaxşı insandı.
- Canni De Byazi bildirib ki, gənclərlə yanaşı təcrübəlilərə də ehtiyac var. Bu haqda fikriniz necədi?
- Canni De Byazi ilə yaxşı münasibətim var, onunla sıx əlaqədəyik. Cavanlar haqda müzakirələr aparırıq. Bu sualı ona versəniz daha yaxşı olar. A millini gücləndirə biləcək gənc oyunçuları müzakirə edirik.
- Qrupu 9 xalla başa vurmaq mümkündü?
- Bunu, çox istəyərdim. Mövsümün sonunda asan olmayan period olacaq. Hər oyundaa yaxşı oynayıb, qalib gəlmək üçün çıxırıq. Bu nə dərəcədə real olacaq bilmirəm. 4 gün sonra Belarusla oyuna çıxacağıq. Bəzi futbolçulara şans verəcəyik. İyun ayı üçün kimlər hazır olacaq, baxacağıq.

