Hər dəfə millinin hansısa oyunu yaxınlaşanda qaşlar çatılır, əvhal pozulur.
İnsanların ölkənin bir nömrəli futbol komandasına inamı qalmayıb deyə, nə seçmə mərhələ görüşləri, nə də yoldaşlıq matçları adamlarda həvəs yaradır.
Hətta böyük əksəriyyətin bəyənmədiyi Azərbaycan Premyer Liqasının 300-500 azarkeşdən ibarət oyunları belə millinin görüşlərindən daha səs-küylü, daha cəlbedici görünür.
Çünki burada fanatların azarkeşlik etdiyi komandanın qələbəsini görmək mümkündür. Yığmada isə sanki qələbə hesabına söyüş qoyublar.
İçimivdə “Qarabağ”ın “Marsel”lə oyunlarının istisi soyumamış çempionatımız həlledici mərhələyə qədəm qoydu.
İndi hər xal hava-su qədər önəmlidir. Medal həvəsində olanların rəqabəti adama ləzzət edir. Və belə bir anda millinin hansısa oyunu girir ortaya.
Həyatın ən maraqlı çağında iki ayağını birdən itirirsən sanki.
Başında Canni de Byazinin dayandığı komanda sonuncu qələbəsini ötən ilin yayında güc-bəla ilə qazanıb. İyunun 2-də Belarusla Azərbaycan arasındakı sınaq matçı bizimkilərin 2:1 hesablı qalibiyyəti ilə sonuclanıb.
Yığma o gündən bu yana 2-si yoldaşlıq oyunu olmaqla ümumilikdə 8 qarşılaşma keçirib.
Vəziyyət adımıza layiqdir: 2 heç-heçə, 6 məğlubiyyət. Qatar və Şimali İrlandiya ilə heç-heçələri kənara qoysaq, italiyalı mütəxəssisin çalışdırdığı kollektiv 6 yenilginin 4-də qapısından 3 top buraxıb.
Hətta Lüksemburq belə, Bakıda bizimkiləri 3 dəfə mərkəzə dəvət etməyi bacarıb.
Malta və Latviya ilə oyunlarda millinin qələbələri sıralaması hansısa turnirin önəmi baxımından işə yaramasa da, futbolsevərlərin qəlbini oxşamaq baxımından ciddi məna daşıyacaq.
Yox, meydanı yenə döyülüb atasının üstünə qaçan uşaqlar kimi tərk etsələr, vay halım(n)ıza!
HƏBİB

