De Byazinin DİQQƏTİNƏ! – Xəbəri olsun ki...

24 Mart 2022 19:40 Milli komanda 817
De Byazinin DİQQƏTİNƏ! – Xəbəri olsun ki...

Canni de Byazi ilə müqavilənin yenilənməsindən sonra milli 2022-ci ildə ilk oyunlarına çıxacaq.

Malta və Latviya ilə görüşlər sıradan oyun hesab olunsa da, ciddi məna kəsb edir.

Məhz bu yoldaşlıq oyunları italiyalı mütəxəssisin Azərbaycan futboluna nə dərəcədə bələd olduğunu göstərəcək, ilyarım ərzində gördüyü işlərin nəticəsini böyük ölçüdə ortaya qoyacaq.

Dünənə qədər yığmanın gəncləşdirmə siyasətinə görə uğursuz təsir bağışladığı haqda nağıllar danışılırdısa, indiki məqamda nə nağıllara qulaq asan olacaq, nə də əfsanələrə inananlar tapılacaq.

Çünki bu gün Canni de Byazinin sərəncamında olanlar yığma formasını təzə-təzə tərlədənlər yox, kifayət qədər təcrübə sahibləridir.

Düzdür, Mahir Emreli, Anton Krivotsyuk kimi ölkə xaricində top qovanlar yoxdur, bir başqa legionerimiz Namiq Ələsgərov xəstəlikdən əziyyət çəkir.

Əvəzində Dmitri Nazarov, Eddi İsrafilov, Bədavi Hüseynov, Ağabala Ramazanov kimi təcrübəlilər baş məşqçinin ixtiyarındadır. Hər birinin özünə görə ad-sanı, təcrübəsi var.

Odur ki, Malta və Latviya ilə yoldaşlıq oyunları milli üçün güzgü xarakteri daşıyacaq. Bir növ ölkənin bir nömrəli komandasının yaxın gələcəyini görmüş olacağıq. Necə deyərlər, yeni eranın başlanğıcıdır.

De Byazinin məğlubiyyətə gətirəcəyi mümkün bəhanələr işə yaramayacaq. Filankəs təcrübəsizdir, beşmankəs komandasında oynamır – bu kimi ucuz açıqlamalar yarıtmaz işə haqq qazandırmayacaq.

Hər kəs millidən uğur, lap dəqiq desək qələbələr gözləyir. Uğur olsun, milli!

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti