Uzun müddətdən sonra 5 futbolçu Azərbaycan millisinin heyətinə cəlb olunub.
Bunlar "Sabah"ın qapıçısı Səlahət Ağayev, "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda, "Neftçi"dən Eddi İsrafilov, Almaniya "Ertsgebirge"sindən Dmitri Nazarov və "Zirə"nin hücumçusu Ağabala Ramazanovdur.
Onlar Malta və Latviyaya qarşı yoldaşlıq matçları üçün dəvət alıb. Bu oyunçuların hamısı son olaraq 2019-cu ilin noyabrında səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda komandaya çağırılıb.
Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda gerçəkləşəcək.
Canni De Byazi sonuncu dəfə Nikola Yurçeviçin vaxtında yığmaya çağırılan «beşliy»i AFFA rəhbərliyinin məsləhəti ilə geri qaytarıb. Federasiya nümayəndələri siyahının müəyyənləşdirilməsində birbaşa iştirak edib.
Baş məşqçi onlarla niyə razılaşıb? Əslində, Malta səfərində iştirak edəcək yeni simalar, həmçinin sonradan geri qaytarılanlar italyan çalışdırıcının A planında yer almır.
Eddi İsrafilovla Dmitrii Nazarov istisnadır. İsrafilov «Neftçi»yə AFFA-nın istəyi və təkidi ilə gətirilib. İspaniya Sequndasını Azərbaycan Premyer Liqasına dəyişməsi üçün yarımmüdafiəçiyə böyük miqdarda vəsait ödənilib.
Nazarovun da "Ertsgebirge"dən ayrılmaq ehtimalı güclüdür və AFFA-ya bağlı menecer qrupu indidən ona yeni komanda axtarışına çıxıb.
İsrafilovun Yurçeviçin zamanında millidə dəfələrlə qalmaqala səbəb olmasını, eyni zamanda, Nazarovun pul üstündə federasiya mənsubları ilə mübahisə etməsini xatırladaq.
SPORTİNFO.AZ

