Vaxtilə Azərbaycan millisində böyük pullar dövr edirdi.
Hələ Berti Foqtsun vaxtında qoyulan mükafat ənənəsinin davamı Robert Prosineçkinin vaxtında da uğurla davam etdirilmişdi.
Lakin devalvasiyadan və ölkə futbolundakı məlum proseslərdən sonra maliyyə azaldı, “premiyalar” xeyli azaldıldı.
Foqtsun vaxtında Azərbaycan futbolunun yetirmələrindən çox futbolun sirlərinə başqa ölkələrdə yiyələnib saxta Azərbaycan pasportu alanlar qazanırdı: Usim Nduka, Fabio Luis Ramim, Ernani Pereyra, Daniel Axtyamov, Vladimir Levin, Aleksandr Çertoqanov, Branimir Subaçiş...
O dönəmdə millimizin qazandığı tək-tük qələbələrdən birinin iştirakçısı olmuş Axtyamov Sportinfo.az-a açıqlamasında yığmadakı çıxışından və aldığı mükafatdan söz açıb:
“Yığmanın düşərgəsində bizə sutkalıq pul verirdilər. 100 dollar idi, yoxsa 100 manat – dəqiq yadımda deyil.
Amma əsas mükafat qələbə və heç-heçələrə görə nəzərdə tutulurdu. DÇ-2010-nun seçmə mərhələsini xatırlayırsınız yəqin. Lixtenşteyni səfərdə məğlub edib,
Bakıda 0:0 oynamışdıq. Ən böyük uğurumuz isə o dövrün ən güclü komandalarından olan Rusiya ilə Bakıdakı 1:1 olmuşdu.
Qrupu 5 xalla başa vurduğumuz üçün yığmanın bütün futbolçularına 20 min manat mükafat verilmişdi. Bəli, hərəyə 20 min manat. İndi bilmirəm, amma dönəmdə yaxşı pul idi”.
Azərbaycan millisində Berti Foqtsun sevimli futbolçularından hesab olunan Daniel Axtyamov yığma formasında 9 oyunda iştirak etsə də, qol vura bilməyib.
İllər öncə mətbuatda AFFA-nın milli üzvlərinə böyük məbləğdə mükafat verdiyi haqda yazıları dərc olunanda, assosiasiya rəsmiləri bu cür xəbərləri şayiə adlandırırdı.
Gördüyünüz kimi, illər sonra yalanların üstü bir-bir açılır. 5 xala görə 20 min manat!
HƏBİB

